Ət qiymətlərindəki artım daha çox hansı amillərlə bağlıdır? - İQTİSADÇI AÇIQLADI

2 İyun 2026 15:02 (UTC+04:00)

Qurban bayramı ərəfəsində ət bazarında qiymətlərin dəyişməsi hər il olduğu kimi bu il də diqqət mərkəzindədir. Bayram günlərində qurban ətinin paylanmasına baxmayaraq, bazarda qiymətlərin ucuzlaşması əvəzinə əksinə, artım müşahidə olunur. Bu isə həm istehlakçılar, həm də alıcılar arasında narahatlıq və suallar yaradır. Bəs, bütün bu səbəblər fonunda ət qiymətlərindəki artım daha çox hansı amillərlə bağlıdır? Ət qiymətlərinin artmasında ən əsas faktor nədir?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, Qurban bayramı ərəfəsində ətə tələbatın artması qiymətlərin yüksəlməsinə səbəb olan əsas amillərdən biridir:

"Bayram günlərində qurbanlıq heyvanlara maraq kəskin şəkildə artır və bu da bazarda tələb-təklif balansına təsir göstərir. Lakin qiymət artımını yalnız mövsümi amillərlə izah etmək düzgün olmaz. Burada struktur xarakterli problemlər də mühüm rol oynayır. Ət qiymətlərinin artmasında ən vacib faktor yerli istehsalın daxili tələbatı tam ödəyə bilməməsidir. Son illərdə heyvandarlıq sektorunda yem xərclərinin artması, örüş sahələrinin azalması, istehsalçıların maya dəyərinin yüksəlməsi və logistika xərclərinin bahalaşması qiymətlərə ciddi təzyiq göstərir.

İdxaldan asılılıq da qiymətlərin formalaşmasına birbaşa təsir edir. Azərbaycan müəyyən həcmdə diri heyvan və ət məhsulları idxal edir. Beynəlxalq bazarlarda ət və yem qiymətlərinin bahalaşması, eləcə də valyuta məzənnələri ilə bağlı dəyişikliklər daxili bazarda da qiymət artımını sürətləndirir. Xarici bazarlarda yaranan hər hansı bahalaşma qısa müddətdə yerli bazara ötürülür. Yem və örüş sahələri məsələsi isə strateji problemlərdən biridir. Heyvandarlıqda xərclərin təxminən 60-70 faizi yem təminatı ilə bağlıdır. Təbii örüş sahələrinin azalması fermerləri əlavə yem almağa məcbur edir. Yem məhsullarının bir hissəsinin idxal hesabına təmin olunması isə maya dəyərini daha da artırır. Nəticədə fermerlər bu xərcləri satış qiymətlərinə daxil etməyə çalışırlar.

Qurban bayramında əhalinin bir hissəsinin qurban ətini ehtiyacı olan ailələrə paylamasına baxmayaraq, bu amil bazarda ümumi qiymət səviyyəsini aşağı salacaq qədər böyük təsir göstərmir. Çünki həmin dövrdə bazara daxil olan əlavə ət həcmi artan tələbatı tam kompensasiya etmir. Yaxın aylarda qiymətlərin kəskin enəcəyini gözləmək çətindir. Əgər yem bazarında ucuzlaşma, idxal xərclərində azalma və heyvandarlıq təsərrüfatlarının məhsuldarlığında artım baş verməsə, qiymətlər yüksək səviyyədə qala bilər. Bayramdan sonra tələbatın nisbətən azalması səbəbindən müəyyən sabitləşmə müşahidə oluna bilər, lakin ciddi ucuzlaşma üçün fundamental iqtisadi amillərin dəyişməsi vacibdir.

Qısaca, hazırkı vəziyyət göstərir ki, ət bazarında qiymət artımı təkcə mövsümi tələb amili ilə deyil, həm də istehsal xərclərinin yüksəlməsi, idxaldan asılılıq və heyvandarlıq sektorunda mövcud struktur problemlərlə bağlıdır. Bu səbəbdən qiymətlərin uzunmüddətli sabitləşməsi üçün yerli istehsalın artırılması, yem bazasının gücləndirilməsi və örüş sahələrinin qorunması əsas prioritetlərdən biri olmalıdır".