Rusiya rəsmilərinin cihazlarına casus proqram yerləşdirilməsi cəhdi ifşa olunub

2 İyun 2026 14:56 (UTC+04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) xarici kəşfiyyat orqanlarının yüksək vəzifəli rusiyalı məmurların mobil cihazlarına zərərli proqram təminatı yerləşdirmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı əməliyyatı aşkar etdiyini açıqlayıb.

FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı məlumata görə, xarici xüsusi xidmət orqanları yüksək vəzifəli dövlət qulluqçularının istifadə etdiyi mobil rabitə vasitələrinə casus proqramlar yerləşdirərək məlumatların ələ keçirilməsinə cəhd göstəriblər.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qurumun əsasən, həmin proqram təminatı cihazlarda saxlanılan məlumatların toplanması, telefon danışıqlarının dinlənilməsi, eləcə də elektron qurğuların yaxınlığındakı mühitin gizli audio və video müşahidəsinin aparılması üçün istifadə olunub. Məqsəd məxfi və həssas informasiyanın əldə edilməsi olub.

FSB iddia edir ki, xarici kəşfiyyat xidmətləri iri beynəlxalq İT korporasiyalarının texniki imkanlarından yararlanaraq mobil rabitə vasitəsilə kibertəhlükəyə məruz qalan şəxslərin cihazlarından müxtəlif növ məlumatları gizli və icazəsiz şəkildə əldə ediblər.

Faktla bağlı FSB-nin İstintaq İdarəsi tərəfindən Rusiya Cinayət Məcəlləsinin kompüter məlumatlarına qanunsuz giriş və zərərli kompüter proqramlarının yaradılması, istifadəsi və yayılması ilə bağlı maddələri üzrə cinayət işi başlanıb.

Xüsusi xidmət orqanı hadisənin digər təfərrüatlarını açıqlamayıb. Bununla yanaşı, FSB məxfi məlumatların mobil rabitə vasitələri ilə və ya həmin cihazların yaxınlığında müzakirə edilməsinin yolverilməz olduğunu vurğulayıb.

Qurumun xəbərdarlığında qeyd olunur ki, belə hallarda aparılan danışıqların məzmunu üçüncü şəxslərin əlinə keçə və bunun nəticəsində geri dönməz fəsadlar yarana bilər.

Lətifə Abdıyeva