“Böyük Qaladərəsi kəndindəki mənzərə Qarabağda quruculuğun parlaq nümunəsidir" - ŞƏRH EDİLDİ

2 İyun 2026 14:39 (UTC+04:00)

"Prezident İlham Əliyevin Şuşa rayonunun Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olması və kənd sakinləri ilə görüşü Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma siyasətinin növbəti uğurlu təzahürüdür".

Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, dövlət başçısının bölgəyə müntəzəm səfərləri, aparılan işləri şəxsən nəzarətdə saxlaması və sakinlərlə birbaşa ünsiyyət qurması bu prosesə verilən yüksək önəmin göstəricisidir:

"Böyük Qaladərəsi kəndində yaradılan müasir yaşayış şəraiti, infrastruktur layihələri, sosial obyektlər və məşğulluq imkanları göstərir ki, Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir. Vaxtilə dağıdılmış yaşayış məntəqələrinin qısa müddətdə müasir kəndlərə çevrilməsi Azərbaycanın iqtisadi gücünün, siyasi iradəsinin və xalq-dövlət birliyinin nəticəsidir.

Prezident İlham Əliyevin sakinlərlə səmimi görüşü, onların problemləri və təklifləri ilə maraqlanması dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha nümayiş etdirdi. Bu görüş həm də Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinin təkcə tikinti layihələri ilə deyil, insanların doğma yurdlarına qayıdışı, sosial rifahı və gələcəyə inamı ilə ölçüldüyünü göstərir.

Bu gün Böyük Qaladərəsi kəndində müşahidə olunan mənzərə Azərbaycanın Qarabağda quruculuq salnaməsinin növbəti parlaq səhifəsidir və bölgənin yaxın gələcəkdə ölkənin ən inkişaf etmiş yaşayış məkanlarından birinə çevriləcəyinə inamı daha da gücləndirir".