"Azərbaycan-ABŞ əməkdaşlığının inkişafında yeni mərhələ müşahidə olunur" - MÖVQE

2 İyun 2026 13:54 (UTC+04:00)

"Ümumiyyətlə, son illərdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq əlaqələri əhəmiyyətli dərəcədə inkişaf edib. Bu əlaqələrin inkişafında hər iki ölkənin rəhbərliyinin rolu xüsusi qeyd olunur. Xüsusilə ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev arasında qarşılıqlı təmaslar və dialoq münasibətlərin inkişafına müsbət təsir göstərir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, ötən il ABŞ-da Azərbaycan Prezidentinin yüksək səviyyədə qarşılanması, eləcə də iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi münasibətlərin inkişafına əlavə təkan verən amillər kimi qiymətləndirilir: "Azərbaycan və ABŞ uzun illərdir ki, siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq edirlər. Son dövrlərdə bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər müşahidə olunur.

Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıq, enerji layihələri və regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan uzun illər ərzində beynəlxalq enerji layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi çıxış edib. Bu layihələr həm ölkənin beynəlxalq nüfuzunun artmasına, həm də regional və qlobal enerji təhlükəsizliyinə töhfə verib.

Eyni zamanda, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik sahəsində fəaliyyəti də diqqət çəkir. Azərbaycan müxtəlif beynəlxalq missiyalarda iştirak edib, sülhməramlı fəaliyyətlərə dəstək göstərib və qlobal təhlükəsizlik təşəbbüslərinə öz töhfəsini verib. Bu fəaliyyətlər beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qiymətləndirilir.

Son dövrlərdə iki ölkə arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş addımların atılması münasibətlərin gələcək inkişafı üçün əlverişli zəmin yaradır. Bu baxımdan, siyasi dialoqun davam etdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq enerji tədbirləri, o cümlədən neft-qaz sərgiləri də ölkənin enerji sektorundakı rolunu nümayiş etdirir. Bu tədbirlər Azərbaycanın enerji sahəsində qazandığı təcrübəni, həyata keçirdiyi layihələri və beynəlxalq əməkdaşlıq imkanlarını nümayiş etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Bütövlükdə, Azərbaycan-ABŞ münasibətlərinin gələcəkdə də qarşılıqlı maraqlar əsasında inkişaf edəcəyi, siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir".