Dünyanın ən çox izlənən siyasi yayımçılarından biri olan Hasan Piker və ABŞ-da tanınmış siyasi şərhçi Cenk Uygur İngiltərəyə buraxılmayıb. Hər iki şəxs İsrail siyasətinə yönəltdikləri sərt tənqidlərlə tanınır.
Məlumata görə, Hasan Piker və Cenk Uygur Londonda keçiriləcək SXSW konfransında çıxış etməli idilər. Lakin tədbirdən əvvəl İngiltərə hökuməti onların ölkəyə giriş icazəsini ləğv edib və onları arzuolunmaz şəxslər siyahısına daxil edib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Cenk Uygur sosial media hesabında paylaşım edərək Londona uçmaq üçün təyyarəyə minməsinə icazə verilmədiyini bildirib. O, qərarın İsraili tənqid etməsi ilə əlaqəli olduğunu iddia edib və bunun ifadə azadlığı ilə bağlı ciddi suallar yaratdığını vurğulayıb.
Hasan Piker də qərara etiraz edərək bildirib ki, Qərb ölkələri liberal dəyərlərdən uzaqlaşır və xarici hökumətlərin maraqları naminə söz azadlığını məhdudlaşdırır.
İngiltərə Daxili İşlər Nazirliyinin açıqlamasında isə qeyd olunub ki, hər iki şəxsin Elektron Səyahət İcazəsi (ETA) onların ölkədə olmasının “ictimai maraqlara uyğun olmaya biləcəyi” qənaətinə görə ləğv edilib. Nazirlik qərarın şəxslərin Böyük Britaniya cəmiyyəti üçün yarada biləcəyi potensial risklərin qiymətləndirilməsi əsasında qəbul olunduğunu bildirib.
Qeyd edək ki, ETA sistemi xarici vətəndaşlara viza almadan Böyük Britaniyada altı aya qədər qalmaq imkanı verir. Buna baxmayaraq, İngiltərə hökuməti istənilən vaxt bu icazəni ləğv etmək səlahiyyətinə malikdir. Rəsmi qurumlar bildiriblər ki, hər iki şəxs ölkəyə səfər etmək istəyərsə, viza üçün ayrıca müraciət edə bilər.
Lətifə Abdıyeva