Uşaqları təhsilə necə cəlb etməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ

2 İyun 2026 12:54 (UTC+04:00)

Uşaqların tərbiyəsi və sağlam inkişafı üçün iki əsas institut böyük əhəmiyyət daşıyır: ailə və məktəb. Hər iki tərəf bu prosesdə üzərinə düşən vəzifələri yerinə yetirməli, birgə fəaliyyət göstərməlidir. Uşaqların zərərli vərdişlərdən uzaq tutulması və müsbət davranışlara yönləndirilməsi ilk növbədə ailədən başlamalıdır.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, valideynlər övladlarına yalnız sözlə nəyin doğru, nəyin yanlış olduğunu izah etməklə kifayətlənməməlidirlər. Onlar öz davranışları ilə uşaqlar üçün nümunə olmalıdırlar. Uşaq valideynin hərəkətlərini müşahidə edir və çox zaman eşitdiklərindən daha çox gördüklərini mənimsəyir. Buna görə də ailə mühitində nümayiş etdirilən müsbət keyfiyyətlər uşağın şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır:

“Valideynlər övladları ilə daha çox vaxt keçirməli, onların maraq və problemləri ilə yaxından maraqlanmalı, davamlı maarifləndirici söhbətlər aparmalıdırlar. Bu, uşaqların müxtəlif risklərdən və zərərli təsirlərdən qorunmasına kömək edir.

Bu istiqamətdə məktəblərin də rolu böyükdür. Məktəblər yalnız bilik verməklə kifayətlənməməli, eyni zamanda şagirdlərdə əxlaqi dəyərlərin, məsuliyyət hissinin və sağlam həyat tərzinin formalaşdırılmasına diqqət yetirməlidirlər. Maarifləndirici tədbirlər, təbliğat işləri və müxtəlif layihələr vasitəsilə uşaqların düzgün istiqamətləndirilməsi təmin olunmalıdır.

Ailə və məktəb arasında güclü əməkdaşlıq qurulduqda uşaqların sağlam, məsuliyyətli və faydalı vətəndaş kimi yetişməsi üçün daha əlverişli şərait yaranır”.

Ayşən Vəli