“Kitabxana kitabsevərlər üçün doğma bir məkan olaraq qalır“ -EKSPERT DANIŞDI

2 İyun 2026 12:24 (UTC+04:00)

“Ənənəvi kitabxanalar rəqəmsal resurslarla tam rəqabət aparmaqdan daha çox, onlarla inteqrasiya olunaraq transformasiya mərhələsindən keçirlər. Burada söhbət ənənəvi kitabxanaların sıradan çıxmasından deyil, onların rəqəmsal resurslarla birlikdə yeni formada fəaliyyət göstərməsindən gedir”.
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, elektron resurslar sürət və əlçatanlıq baxımından üstünlüklər təqdim etsə də, kitabxanalar sadəcə kitab saxlanılan məkan olmaqdan çıxaraq sosial və intellektual mərkəzlərə çevrilirlər:

“Ümumiyyətlə, ənənəvi kitabxanaların rəqəmsal informasiya mənbələri ilə münasibətlərini bir neçə aspektdən qiymətləndirmək olar.

İlk növbədə, kitabxanalar sosiallaşma məkanı kimi öz əhəmiyyətini qoruyub saxlayır. İnternet insanları müəyyən qədər təcrid edə bildiyi halda, kitabxanalar real ünsiyyət, müzakirə və birgə fəaliyyət mühiti yaradır. Burada müəlliflərlə görüşlər, seminarlar, mühazirələr və müxtəlif tədbirlər təşkil olunur ki, rəqəmsal platformalar bunu eyni effektivliklə əvəz edə bilmir. Bu baxımdan kitabxana həm sosiallaşma məkanı, həm də mədəniyyət ocağı kimi funksiyasını davam etdirir.

Digər mühüm məqam informasiyanın etibarlılığı və informasiya savadlığı ilə bağlıdır. İnternetdə saxta xəbərlər, qeyri-dəqiq və qərəzli məlumatlar kifayət qədər çoxdur. Kitabxanalarda isə yoxlanılmış, akademik və etibarlı mənbələr təqdim olunur. Eyni zamanda kitabxanaçılar rəqəmsal dövrdə informasiya bələdçisi rolunu oynayaraq oxuculara böyük məlumat bazalarında düzgün axtarış aparmağı öyrədirlər.

Hibrid modelə keçid də bu prosesin vacib istiqamətlərindən biridir. Burada söhbət rəqabətdən deyil, əməkdaşlıqdan gedir. Bir çox kitabxanalar böyük rəqəmsal elmi bazalara abunəlik təqdim edir və fərdlər üçün baha başa gələn resurslara kitabxana vasitəsilə pulsuz çıxış imkanı yaradır. Bundan əlavə, elektron bazalar vasitəsilə elmi və bədii ədəbiyyata daha rahat çıxış təmin olunur. Müasir kitabxanalar oxucularına məsafədən xidmətlər, elektron kitab sifarişi və müxtəlif rəqəmsal tədbirlər də təqdim edirlər.

Rəqəmsal bərabərsizliyin aradan qaldırılması da kitabxanaların mühüm funksiyalarından biridir. Yüksək sürətli internetə, kompüterlərə və digər rəqəmsal texnologiyalara çıxışı olmayan insanlar üçün kitabxanalar pulsuz və bərabər imkanlar yaradan məkan rolunu oynayır.

Psixoloji və estetik amillər də xüsusi əhəmiyyət daşıyır. Bir çox oxucu üçün fiziki kitabın qoxusu, səhifələrinin çevrilməsi hissi və kitabxana mühiti əvəzolunmazdır. Kitabxana kitabsevərlər üçün doğma bir məkan olaraq qalır. Burada insan gündəlik qayğılardan uzaqlaşaraq diqqətini tam şəkildə mütaliəyə yönəldə bilir ki, bu da mühüm psixoloji üstünlükdür.

Mən hesab edirəm ki, kitabxanalar rəqəmsal dünya ilə rəqabət aparmırlar. Əksinə, onlar öz fəaliyyət formalarını dəyişir, texnologiyanı fəaliyyətlərinə inteqrasiya edir və cəmiyyətin dəyişən tələblərinə uyğunlaşırlar. Gələcəkdə də kitabxanalar mədəniyyət ocağı kimi öz funksiyalarını qoruyub saxlayacaq, rəqəmsal resurslarla inteqrasiya daha da genişlənəcək. Lakin elektron kitabxanalar heç vaxt ənənəvi kitabxanaların yerini tam şəkildə tuta bilməyəcək”.