Abituriyentlərə ən çox nə təsir edir: qorxu, yoxsa gözlənti? - PSİXOLOQ AÇIQLADI

2 İyun 2026 13:47 (UTC+04:00)

"Bu gün abituriyentlərdə imtahanqabağı həyəcan və stres müşahidə olunur. Əslində, bu normal haldır. İnsan üçün imtahan həyatda önəmli mərhələlərdən biridir və belə hallarda müəyyən narahatlıq hissinin yaranması təbiidir. Lakin bu gün bəzi abituriyentlərdə imtahandan sonrakı dövrdə tükənmişlik sindromu, xroniki stres və hətta depressiv hallar da müşahidə olunur".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, bu vəziyyətin səbəblərindən biri kimi valideyn təzyiqi göstərilir: "Valideyn təzyiqi məsələsini daha dərindən təhlil etmək lazımdır. Uşaqlarla valideynlər arasındakı münasibətlərin, ünsiyyətin və psixoloji mühitin hansı səviyyədə olması burada mühüm rol oynayır. Hər bir valideyn öz övladını yaxşı tanımalıdır. Onun bacarıqlarını, imkanlarını, maraqlarını və potensialını düzgün qiymətləndirməlidir. İstər peşə seçimində, istərsə də ixtisas və fakültə seçimində övladına məhz bu xüsusiyyətləri nəzərə alaraq dəstək göstərməlidir.

Əslində, bütün valideynlər övladları üçün ən yaxşısını istəyirlər. Lakin vacib sual budur: seçilən yol həqiqətən də həmin uşaq üçün ən yaxşı seçimdirmi? Uşaq həmin yükü daşıya biləcəkmi? Bu suallar üzərində düşünmək lazımdır. Qərarlar da məhz uşağın imkanları və maraqları nəzərə alınaraq verilməlidir.

Digər tərəfdən, valideynləri də qınamaq düzgün olmaz. Bu gün bir çox ailələr övladlarının təhsili üçün böyük maddi və mənəvi fədakarlıqlar göstərirlər. Uşaqlar repetitor yanına gedir, hazırlıq kurslarında iştirak edir, müxtəlif əlavə dərslər alırlar. Bütün bunlar ailə büdcəsinə ciddi təsir göstərir. Bir və ya iki il ərzində davamlı şəkildə bu xərcləri qarşılamaq hər bir valideyn üçün asan deyil.

Təbii olaraq, valideynlər həm öz əziyyətlərinin, həm də övladlarının zəhmətinin nəticəsini görmək istəyirlər. Bu da bəzi hallarda ailədaxili gərginliyin və stresin yaranmasına səbəb olur. Nəticədə həm valideynlərin, həm də övladların üzərində psixoloji təzyiq artır.

Düşünürəm ki, təhsil sistemində və ali məktəblərə qəbul mexanizmlərində müəyyən dəyişikliklər aparılsa, həm şagirdlər, həm də valideynlər üçün proses daha rahat və daha az stresli ola bilər. Bu istiqamətdə atılacaq addımlar ailələrin üzərindəki psixoloji və maddi yükün azalmasına müsbət təsir göstərə bilər".