"Qidaların keyfiyyətini və təhlükəsizliyini qorumaq üçün onları bişirildikdən sonra düzgün qaydada soyutmaq və yenidən isitmək vacibdir. Bunun üçün qida təhlükəsizliyi qaydalarına əməl edilməli, həmçinin qidaların qida dəyərinin qorunması üçün düzgün saxlanma prinsipləri bilinməlidir".
Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

O qeyd edib ki, bu məsələdə müddət, temperatur rejimi və saxlanma şəraiti xüsusi əhəmiyyət daşıyır: "Nəzərə almaq lazımdır ki, bişirilmiş qidalar mümkün olduqda iki saat ərzində istehlak edilməlidir. Əgər qida dərhal istifadə olunmayacaqsa, iki saatdan sonra soyudularaq soyuducuda saxlanmalıdır. Qidaların emallı və ya xüsusilə şüşə qablarda, ağzı bağlı şəkildə saxlanılması daha məqsədəuyğundur.
Otaq temperaturunda dörd saatdan çox qalan qidaların tərkibində dəyişikliklər baş verə bilər. Eyni zamanda, bişirilmiş qidalar 5°C ilə 60°C arasındakı temperatur zonasında uzun müddət qaldıqda bakteriyalar sürətlə çoxalır. Bu isə qidanın həm qida dəyərinin azalmasına, həm də tərkibində zərərli mikroorqanizmlərin artmasına səbəb olur. Belə hallarda qida zəhərlənməsi riski yüksəlir.
Ümumiyyətlə, yeməklərin yalnız istehlak olunacaq qədər hazırlanması tövsiyə edilir. Soyuducudan çıxarılıb yenidən qızdırılan yemək bir dəfə istifadə edilməlidir. Dəfələrlə soyudulub yenidən isidilən qidalar artıq keyfiyyətini itirmiş hesab olunur.
Müxtəlif qidaların saxlanma müddəti fərqlidir. Məsələn, ət yeməkləri soyuducuda adətən 3–4 gün saxlanıla bilər. Toyuq yeməklərinin isə mümkün qədər bir dəfəlik hazırlanması məqsədəuyğundur. Əgər iki saat ərzində istifadə olunmayıbsa, soyuducuda saxlanmalı və sonradan yalnız bir dəfə qızdırılaraq istehlak edilməlidir.
Şorba və bulyonlar da adətən 3–4 gün saxlanıla bilər. Bişmiş düyünün 1–2 gün ərzində istifadə olunması tövsiyə edilir. Balıq yeməkləri yüksək risk qrupuna aid qidalar hesab olunduğundan onların bir gün ərzində istehlak edilməsi daha məqsədəuyğundur. Süd məhsullarından hazırlanan yeməklərin də əsasən bir gün ərzində istifadə olunması tövsiyə edilir.
Yenidən isitmə zamanı əsas diqqət yetirilməli məqamlardan biri qidanın daxili temperaturudur. Xüsusilə ət yeməkləri qızdırılarkən daxili temperaturun ən azı 75°C-yə çatması vacibdir. Bu temperaturda bir çox zərərli bakteriyalar məhv olur. Beləliklə, salmonella, E. coli və digər mikroorqanizmlərin yaratdığı risklər minimuma endirilir.
Dondurulmuş qidaların əridilməsi zamanı da düzgün üsullardan istifadə olunmalıdır. Ən təhlükəsiz üsul qidanın soyuducunun təxminən 4°C temperatur olan hissəsində tədricən əridilməsidir. Bundan sonra qida istifadə üçün hazır hesab oluna bilər".