"Ümumiyyətlə, məhsulları marketlərdən alıb gətirərkən onların fərdi xüsusiyyətlərinə uyğun şəkildə düzgün saxlanılması ən vacib amillərdən biridir. Xüsusilə tez xarab olmağa meyilli, soyuq zəncir prinsipinə aid olan məhsulların daşınması zamanı bu qaydalara əməl olunmalıdır. Əgər məhsullar düzgün şəkildə saxlanılmayacaqsa və ya daşınma zamanı uzun məsafə qət olunacaqsa, həmin məhsulların alınması tövsiyə edilmir".
Bu fikirləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

O qeyd edib ki, Məhsulların ev şəraitində də düzgün saxlanılması vacibdir. Çünki bəzən keyfiyyətli məhsul düzgün saxlanılmadıqda, xüsusilə temperatur rejimi, qablaşdırılması və saxlanma müddəti nəzərə alınmadıqda, onun qida dəyəri aşağı düşə, hətta xarab ola bilər.
Nəzərə almaq lazımdır ki, ət və ət məhsulları, süd və süd məhsulları, toyuq və balıq tez xarab olmağa meyilli qidalardır. Buna görə də onların 2 saatdan artıq otaq temperaturunda qalması və ya donunun açılıb yenidən dondurulması tövsiyə olunmur.
Eyni zamanda, bütün məhsullar üçün 5°C ilə 60°C arasındakı temperatur aralığı təhlükəli hesab olunur və bu şəraitdə məhsullar daha tez xarab ola bilər. Qeyd olunan 2 saatlıq müddət əsasən sərin hava şəraitinə aiddir. İsti aylarda isə bu müddət 1 saata qədər azala bilər.
Soyuducunun temperatur rejimi də ən vacib məsələlərdən biridir. Tez istifadə olunan məhsulların 4°C temperaturda saxlanılması tövsiyə edilir. Uzun müddət saxlanılacaq məhsulların isə -18°C temperaturda qorunması daha məqsədəuyğundur.
Alış-veriş zamanı soyuq zəncirə aid məhsulların sonda alınması tövsiyə olunur. Bu, məhsulların keyfiyyətinin qorunmasına kömək edir.
Süd məhsulları da tez xarab olmağa meyillidir. Buna görə onların ağzı bağlı, hava keçirməyən qablarda saxlanılması vacibdir. Pasterizə olunmuş süd və digər süd məhsullarının üzərində istifadə müddəti 2 ay, 6 ay və ya məhsulun növündən asılı olaraq daha fərqli göstərilsə də, qablaşdırma açıldıqdan sonra onların 2–3 gün ərzində istifadə olunub bitirilməsi məqsədəuyğundur.
Ümumiyyətlə, bütün məhsulların açıq şəkildə deyil, qapaqlı, hava keçirməyən şüşə və ya digər uyğun qablarda saxlanılması tövsiyə olunur. Qidaların polietilen paketlərdə uzun müddət saxlanılması məsləhət görülmür. Paxlalı məhsulların isə sərin, quru və qaranlıq yerdə saxlanılması tövsiyə edilir.
Əgər məhsulların düzgün şəkildə mühafizəsi mümkün olmayacaqsa, onların az miqdarda alınması daha məqsədəuyğundur.
Bütün hallarda sanitar-gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl olunmalıdır. Bu qaydalara həm mağazada, həm daşınma zamanı, həm evdə saxlayarkən, həm də bişirmə prosesində riayət edilməsi qidanın keyfiyyətinin və qidalılıq dəyərinin qorunmasına xidmət edir.
Lətifə Abdıyeva