Sosial şəbəkə dövründə məzun paylaşımları: xatirə, yoxsa şou? - EKSPERT DANIŞDI

1 İyun 2026 16:56 (UTC+04:00)

"Son dövrlərdə sosial şəbəkələrin geniş yayılması ilə birlikdə paylaşımlar artıq yalnız xatirə məqsədi daşımır. Əvvəllər insanlar anları daha çox öz yaddaşları üçün saxlayır, çəkilən foto və videolar isə dar çevrə ilə məhdud qalırdı. İndi isə həmin görüntülərin asanlıqla ictimai platformalarda paylaşılması yeni bir davranış mədəniyyəti formalaşdırıb".

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

O bildirib ki, təəssüf ki, bu dəyişiklik bəzən məqsədindən uzaqlaşır. Paylaşımın əsas qayəsi xatirə saxlamaq yox, diqqət çəkmək, izləyici toplamaq və “şou” xarakteri qazanmaq olur. Bu isə xüsusilə məktəbi bitirən məzunlar və gənclər üçün doğru nümunə yaratmır:

”Çünki sosial şəbəkədə görünən hər davranış təkcə fərdi seçim deyil, həm də ictimai təsir gücünə malikdir. Gənc izləyicilər gördüklərini çox vaxt örnək kimi qəbul edirlər. Bu səbəbdən məsuliyyətsiz, təhlükəli və ya cəmiyyətə uyğun olmayan davranışların paylaşılması yanlış istiqamət yarada bilər.

Avtomobildə qaydaları pozan hərəkətlər, yüksək səslə musiqi, ictimai etikadan kənar davranışlar və bunların nümayiş etdirilməsi artıq şəxsi məsələ olmur. Bu, dolayısı ilə başqalarına da təsir edən bir nümunəyə çevrilir.

Ona görə də sosial şəbəkələrdən istifadə edərkən yalnız görüntü yaratmaq yox, həm də düzgün mesaj vermək vacibdir. Paylaşımlar həm xatirə, həm də məsuliyyət daşımalıdır”.

Ayşən Vəli