“Cənab Prezident İlham Əliyev vaxtaşırı işğaldan azad olunmuş ərazilərdə olur. Ən önəmli günlərimizi, tariximizin ən əlamətdar günlərini məhz öz torpaqlarına qayıtmış insanlarla birlikdə qeyd edir. Onun sadəliyi, hər bir insanla onun dilində danışmağı böyüklüyünün göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, eyni zamanda o, həmişə ölkədə görülən işlərdən və gələcək planlardan danışır:
“Ötən tarixə çox düzgün qiymət verir, tarixdən nəticə çıxarmağın vacibliyini vurğulayır. Şuşanın Qaladərəsi kəndində görülən işlərlə tanışlıq da onu göstərir ki, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri onun birbaşa nəzarəti altındadır.
Bu gün dünya yeni və müasir bir bölgənin yaradıldığını görür. Üç böyük hava limanının tikilməsi, artıq tanınan bir universitetin yaradılması, sosial məsələlərin diqqətdə saxlanılması, geri qayıdan insanların işlə təmin olunması bunun bariz nümunələridir.
Eyni zamanda insanların öz şəxsi biznesləri ilə məşğul olması, sahibkarlıq üçün şəraitin yaradılması da bugünkü reallıqlardandır.
Bu gün hələ doğma kəndləri bərpa olunmamış məcburi köçkünlər də bilirlər ki, bir gün o xoşbəxt gün onlar üçün də gəlib çatacaq”.