...Ukraynalı milyarder və "Şaxtyor" Donetsk futbol klubunun prezidenti Rinat Əhmədov "The Guardian" qəzetinə verdiyi müsahibədə Ukrayna prezidenti Vladimir Zelenski ilə münasibətlərini müzakirə edib və müharibə zamanı onun hərəkətlərini qiymətləndirib.
SİA xəbər verir ki, jurnalistin dövlət başçısı ilə münasibətləri ilə bağlı sualına cavab olaraq Əhmədov keçmişdə oliqarxlara qarşı siyasətləri ilə bağlı fikir ayrılığı yaşadıqlarını xatırladıb.
Lakin o, Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri aralarında heç bir münaqişənin olmadığını bildirib.
İş adamı bildirib ki, o, Zelenski ilə sonuncu dəfə müharibə başlamazdan bir gün əvvəl, 23 fevral 2022-ci ildə görüşüb.
O vaxtdan bəri şəxsi görüşlərin olmamasına baxmayaraq, Əhmədov daim Ukraynada olduğunu və prezidentin onun ölkəni dəstəkləmək fəaliyyətindən xəbərdar olduğunu vurğulayıb.
Əhmədov hesab edir ki, Ukrayna vətəndaşlarının cəsarəti, Silahlı Qüvvələri, beynəlxalq dəstək və prezidentin özünün əzmkarlığı sayəsində tab gətirə bilib.
O qeyd edib ki, Zelenski kritik anda ölkəni tərk etməyib, Ukrayna xalqının yanında qalıb və xarakterinin gücünü nümayiş etdirib.
...O, Ukraynanın suverenliyini, müstəqilliyini və azadlığını qorumaq üçün əlindən gələni edir, - deyə Əhmədov bildirib. Biznesmen həmçinin Kiyevdə xarici jurnalistlərə müsahibə vermək imkanını hazırkı prezidentin nailiyyətlərindən biri kimi qeyd edib.
Əli Babayev