“Regional çağırışlara baxmayaraq, Azərbaycan strateji inkişaf layihələrini davam etdirir” - ŞƏRH

1 İyun 2026 15:27 (UTC+04:00)

“Müharibələrin, təbii ki, iqtisadiyyata təsirləri mənfidir. Nəzərə alsaq ki, həm regionda baş verən müharibələr, həm də onların təsirləri qlobal iqtisadiyyat üçün müəyyən çağırışlar formalaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, eyni zamanda regionda mövcud olan siyasi çağırışlara rəğmən Azərbaycan regional inkişafla bağlı səylərini davam etdirir:

“Nəzərə alsaq ki, bütövlükdə bu müharibələr regionda nəqliyyat və logistika infrastrukturunun inkişafına da təsir göstərir, Azərbaycan bu istiqaməti əsas prioritetlərdən biri kimi saxlayır. Azərbaycan Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının açılış mərasimində çıxışı zamanı da regionda nəqliyyat və logistikanın inkişafının vacibliyini vurğulayıb. Prezidentin qeyd etdiyi kimi, Zəngəzur dəhlizi mütləq gerçəkləşdiriləcək.

İran-İsrail müharibəsi kontekstində bu istiqamətdə müəyyən çağırışlar yaransa da, cənab Prezidentin vurğuladığı kimi, Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyət daşıyan layihələrdən biridir və bu layihə mütləq reallaşacaq.

Ona görə də regional siyasi kataklizmlərə baxmayaraq, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmiz xarici mənfi təsirləri minimuma endirməyə çalışır və region üçün mühüm əhəmiyyət kəsb edən yeni layihələrin həyata keçirilməsinə töhfə verir”.