1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü dünyada uşaqların hüquqlarının qorunmasına, onların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsinin vacibliyinə diqqət çəkən əlamətdar günlərdən biridir. Bu tarix uşaqların cəmiyyətin gələcəyi olduğunu bir daha xatırladır və onların rifahının təmin edilməsinin hər bir dövlətin və cəmiyyətin əsas vəzifələrindən biri olduğunu ön plana çıxarır.
Azərbaycanda da Beynəlxalq Uşaqların Müdafiəsi Günü hər il müxtəlif tədbirlər, konsertlər, sosial layihələr və maarifləndirici proqramlarla qeyd olunur. Son illər uşaqların təhsili, sağlamlığı, sosial müdafiəsi və hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlər onların daha yaxşı gələcək qurmasına xidmət edir. Bununla yanaşı, müasir dövrdə uşaqların internet təhlükəsizliyi, psixoloji sağlamlığı, keyfiyyətli təhsil imkanları və asudə vaxtlarının səmərəli təşkili kimi məsələlər də aktuallığını qoruyur.
Uşaqların hüquqlarının qorunması yalnız dövlət qurumlarının deyil, eyni zamanda valideynlərin, müəllimlərin və bütövlükdə cəmiyyətin üzərinə düşən mühüm məsuliyyətdir. Mütəxəssislər hesab edirlər ki, uşaqlara göstərilən diqqət və qayğı gələcəkdə sağlam, savadlı və vətəninə faydalı vətəndaşların formalaşmasında həlledici rol oynayır.
Bəs görəsən şəhər sakinləri 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü haqqında nə düşünür, uşaqların hüquqlarının qorunması və onların xoşbəxt gələcəyi üçün hansı addımların atılmasını vacib hesab edirlər?
SİA şəhər sakinləri arasında sorğu keçirib.

Məktəbli Hüseyn Quliyev: “Uşaqlar Günü bizim üçün ən sevincli günlərdən biridir. Bu gün məktəbimizdə xüsusi tədbirlər təşkil olundu, müəllimlərimiz bizə həm hədiyyələr verdi, həm də maraqlı oyunlar və əyləncəli proqramlar hazırladılar. Parkda keçirilən tədbir çox gözəl keçdi, dostlarımızla birlikdə vaxt keçirdik, müxtəlif fəaliyyətlərdə iştirak etdik. Belə günlər biz uşaqlar üçün həm əyləncə, həm də motivasiya yaradır. Özümüzü dəyərli hiss edirik”.

Məktəbli Adil Əliyev: “1 İyun bizim üçün çox xüsusi gündür. Məktəbdə keçirilən tədbirlərdə iştirak etdik, şeirlər söylədik, mahnılar oxuduq və müxtəlif oyunlar oynadıq. Müəllimlərimiz və valideynlərimiz bizə çox diqqət göstərdilər. Məncə, uşaqların xoşbəxt böyüməsi üçün belə tədbirlər çox vacibdir, çünki bu, həm onların sosial inkişafına, həm də sevincinə müsbət təsir edir. Hər bir uşağın qayğısız və təhlükəsiz uşaqlıq yaşaması lazımdır”.

Şəhər sakini Sara Abbasova: “Mən bir valideyn olaraq uşaqlarıma mümkün qədər çox vaxt ayırıram. Onlarla birlikdə dərs oxuyur, oyunlar oynayır və gündəlik həyatlarına maraq göstərirəm ki, özlərini tək hiss etməsinlər. Uşağın psixoloji inkişafı üçün ailə sevgisi çox vacibdir. Məktəblərdə yaradılan şərait də təqdirəlayiqdir, müəllimlərin uşaqlara göstərdiyi qayğı onların gələcəyinə müsbət təsir edir. Dövlətin uşaqlar üçün gördüyü işlər də sevindiricidir, çünki hər bir uşaq bərabər imkanlara sahib olmalıdır. Hər bir uşağın sağlam, savadlı və xoşbəxt böyüməsi bizim ən böyük arzumuzdur”.

Şəhər sakini Rafiq Qafarov: “Bu gün nəvələrimlə parkda vaxt keçirirəm və onların sevincini görmək mənim üçün ən böyük xoşbəxtlikdir. Uşaqlara vaxt ayırmaq yalnız bayram günlərində deyil, hər gün vacibdir. Onların düzgün tərbiyəsi, sevgi ilə böyüməsi gələcək cəmiyyətin sağlam formalaşmasına təsir edir. Dövlət tərəfindən uşaqlar üçün yaradılan şərait, təhsil imkanları və sosial layihələr təqdirəlayiqdir. Amma ən vacibi ailə içində verilən sevgi və diqqətdir. Uşaqlar nə qədər çox sevgi görsələr, bir o qədər düzgün şəxsiyyət kimi formalaşırlar”.

Şəhər sakini Mədinə Əbilova: “Uşaqların xoşbəxt və sağlam böyüməsi üçün həm ailə, həm də məktəb mühiti çox önəmlidir. Müəllimlər uşaqların tərbiyəsində böyük rol oynayırlar, çünki onlar uşaqlara biliklə yanaşı, davranış və dəyərləri də öyrədirlər. Bəzən valideynlər düşünür ki, yalnız məktəb məsuliyyət daşıyır, amma əslində bu məsuliyyət paylaşılmalıdır. Uşaqlara düzgün yanaşma onların psixoloji vəziyyətinə birbaşa təsir edir. Hər bir uşağa sevgi, hörmət və diqqət göstərmək əsas şərtdir”.

Şəhər sakini Nuriyə Xəlilova: “Müasir dövrdə uşaqların tərbiyəsi əvvəlki dövrlərlə müqayisədə daha çətindir. Texnologiyanın inkişafı, telefon və internet istifadəsi onların dünyagörüşünə böyük təsir edir. Buna görə də valideyn nəzarəti çox vacibdir. Uşaqların nə izlədiyi, nə ilə maraqlandığı daim diqqətdə olmalıdır. Eyni zamanda onlara düzgün istiqamət verilməlidir ki, texnologiyadan faydalı şəkildə istifadə etsinlər. Sevgi və nəzarət olmayan mühitdə uşaq düzgün inkişaf edə bilməz. Hər bir valideyn övladına vaxt ayırmalı və onunla dost kimi münasibət qurmalıdır”.

Şəhər sakini Aydın Əliyev: “Uşaqlar cəmiyyətin ən dəyərli hissəsidir və onların sağlam, savadlı və vətənə bağlı şəkildə böyüməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda son illər uşaq hüquqlarının qorunması, təhsil infrastrukturunun inkişafı və sosial rifahın artırılması istiqamətində mühüm addımlar atılıb. Uşaqlar üçün yaradılan imkanlar onların gələcəkdə daha güclü fərdlər kimi yetişməsinə xidmət edir. Eyni zamanda ailə institutunun möhkəmləndirilməsi də bu prosesdə mühüm rol oynayır. Sağlam uşaqlıq, sağlam cəmiyyət deməkdir və bu məsuliyyət hamımızın üzərinə düşür”.