Paytaxtdakı ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər başa çatıb.
Bu barədə SİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, 2025-2026-cı tədris ilində BŞTİ-nin tabeliyindəki 295 ümumi təhsil müəssisəsi üzrə 928 məktəbəhazırlıq qrupunda 21 min 521 uşaq məşğələyə cəlb olunub.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək və onları təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilib.