Dünyada hökm sürən amansız müharibələr fonunda diqqətçəkən məqam ondan ibarətdir ki, yaşlandıqları üçün düşünmək qabiliyyətindən məhrum olan nüvə dövlətlərinin başçıları hər an atom bombasından istifadəyə dair əmr verə bilərlər. Çünki nüvə dövlətlərinin başçıları quyruqları qapı arxasında olduğu məqamda bəşəriyyəti nüvə silahı ilə hədələyirlər. Rusiya Prezidenti V.Putin dünyanın təhdid edərək "Rusiyasız dünya bizim nəyimizə lazımdır" deyərək, atom bombasından istifadə edə biləcəyinə işarə edib. Eyni zamanda, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini D.Medvedev və Rusiya Dövlət Dumasının bəzi deputatları Putinə müraciət edərək ondan nüvə silahından istifadə etməklə ölkələrinin maraqlarını qorumağı xahiş ediblər. ABŞ prezidenti D.Tramp da tam zərərsizləşdirməkdə çətinlik çəkdiyi fars-molla rejimini sıradan çıxartmaq üçün "bir gecə də İran rejimi məhv ediləcək" deyərək nüvə silahından istifadə etməyə hazırlaşdıqlarını nümayiş etdirib.
Hindistan-Pakistan qarşıdurmasının gərginləşəcəyi təqdirdə bu iki nüvə dövlətlərinin öz maraqlarını təmin etmək üçün atom bombasından istifadə edə biləcəkləri təhlükəsi yaranıb. Eyni zamanda Fransa, Böyük Britaniya Rusiyanın Avropaya hücum edəcəyi halda nüvə silahına əl atacaqlarına dair fikirlər eşidilir. Bütün bu kimi işarələr, eyhamlar bir gün reallığa çevrilə bilər. Bu zaman isə balaca hesab edilən dünyamız tamamilə məhv olacaq. Nəzərə almaq lazımdır ki, hazırda dünyada 9 nüvə dövləti var. Həmin nüvə dövlətlərindən 5-i rəsmi,4-ü isə qeyri-rəsmi nüvə dövlətləridir. Rəsmi nüvə dövlətləri ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindir. Qeyri-rəsmi nüvə dövlətləri isə Hindistan, Pakistan, İsrail və Şimali Koreya hesab olunurlar. ABŞ-ın nüvə silahından istifadə edə biləcəyi inandırıcı görünür. Çünki bu dövlət tarixdə ilk dəfə nüvə silahını tətbiq etməklə Yaponiyanı darmadağın etdi. 1945-ci ildə ABŞ-ın Yaponiyanın Xirosimo və Naqasaki şəhərlərinə atdığı atom bombaları 250 minə yaxın insanın həyatına son qoymuşdur. Bu gün də həmin nüvə silahının ağır izləri, fəlakətləri Yaponiyada və ətraf regionlarda hiss olunmaqdadır.
Nüvə silahından istifadə dünyanın sonunu gətirə bilər
BMT-nin təşəbbüsü ilə 2 iyun 1968-ci ildə imzalanan "Nüvə silahının yayılmaması barədə müqavilə" yə əsasən, nüvə dövlətləri 1967-ci il yanvarın 1-nə qədər nüvə sınaqları keçirən ölkələr hesab olunur. Həmçinin qeyd olunan müqaviləyə əsasən bu tarixdən sonra nüvə sınağı keçirən ölkələrin nüvə dövləti olması qanunsuz sayılacaq. Bu səbəbdən də biz nüvə dövlətlərindən danışarkən "rəsmi" və "qeyri-rəsmi" sözlərindən, anlayışlarından istifadə edirik. Nüvə sınaqları keçirmiş və bu silaha malik 9 dövlət həm də "Nüvə klubu"-nun üzvü sayılır. Silahlara Nəzarət Assosasiyasının məlumatına əsasən, hal-hazırda nüvə dövlətlərinin ixtiyarında təxminən 13000 nüvə başlığı var. "Nüvə klubu"-nun üzvü olan dövlətlərin nüvə sınaqlarını keçirilmə tarixlərinin ardıcıllığı belədir : - ABŞ dünyanın ilk nüvə dövləti hesab olunur. Bu ölkə 1945-ci il iyulun 16-da Nyu–Meksika ştatının Alamoqoro səhrasında 20 kilotonluq atom bombasının ilk sınağını keçirdib. Hazırda ABŞ-ın arsenalında 5500 nüvə başlığı var. - Tarixdə 2-ci nüvə dövləti Rusiya sayılır. 1949-cu il avqustun 29-da Qazaxstanın Semipalatinsk poliqonunda 22 kilotonluq ilk sovet nüvə silahının sınağı keçirilib. SSRİ-nin süqutundan sonra bütün nüvə silahları onun varisi Rusiya Federasiyasına verilib. Rusiya 6257 nüvə başlığı ilə dünyanın ən böyük nüvə dövlətidir. - Böyük Britaniya ilk nüvə sınaqlarını 1952–ci il oktyabrın 3–də Sakit okeanındakı Monte – Bello adasında həyata keçirib. Hazırda ölkə ərazisində 225–dən artıq nüvə başlığı saxlanılır. - Fransa 1960–cı il fevralın 13–dən nüvə dövlətidir. Fransa 290 aktiv nüvə başlığına malikdir. - Çin 1964–cü il oktyabrın 16–da Lobnor gölü yaxınlığında 20 kilotonluq nüvə silahını sınaqdan keçirməklə nüvə dövlətləri ailəsinə daxil olan 5–ci ölkədir. Çinin arsenalında 350 – dən artıq nüvə başlığı var. - Hindistan 1974-cü il mayın 18-də ilk nüvə sınağını gerçəkləşdirib. Hindistanın 160 nüvə başlığı var. - İsrail 1979-cu il sentyabrın 22-də qeyri-rəsmi nüvə sınağı keçirib. Xarici kəşfiyyat məlumatlarına əsasən, 90 nüvə başlığı olan israil dövləti rəsmi şəkildə bunu təsdiqləmir. - Pakistan 1998-ci il mayın 28-dən nüvə dövləti sayılır. Arsenalında 165 nüvə başlığı olan Pakisan həm də nüvə silahına sahib olan ilk və yeganə müsəlman dövlətidir. - Şimali Koreya 2006-cı il oktyabrın 9-da ilk dəfə nüvə sınağı həyata keçirib. Nüvə silahından imtina edən dövlətlər də var: Məsələn, Lissabon protokoluna əsasən, Ukrayna, Qazaxıstan və Belarus ərazilərindəki nüvə silahlarını könüllü əsasda Rusiyaya təhvil veriblər, yaxud məhv ediblər. Argentina, Braziliya və Cənubi Afrika Respublikası da könüllü əsasda nüvə texnologiyası tədqiqatlarından imtina edərək, "Nüvə silahının yayılmaması barədə müqavilə"yə qoşulublar. Elə dövlətlər də var ki, onlar nüvə silahı əldə etməyə can atsalar da, istəklərinə nail ola bilməyiblər. Hitler Alamaniyası 1942-ci ildən nüvə silahı əldə etmək üçün geniş işlərə başlamış, ancaq istəklər reallığa çevrilməyib. Əgər həqiqətən də nasistlər nüvə silahı əldə etsə idilər, bugünkü dünyamız olmayacaqdı. Onlar müqavimət göstərən dövlətləri nüvə silahı ilə hədəfə alacaqdılar ki, bu da dünyanın sonunu gətirəcəkdi. Bununla belə A.Hitler və ətrafındakı nasistlər dünyada 70 milyona yaxın insanın həyatına son qoydular. Hadisələrin inkişafı təsdiq edir ki, müharibədə dünya əhalisinin 85 faizi, yəni 1, 8 milyard insan iştirak etmişdir. Ən qanlı savaş Almaniya ilə SSRİ arasında baş verdi. A.Hitlerin "Barbarossa" strateji planına görə, üç həftə ərzində SSRİ məğlubiyyətə uğramalı idi. Bu məqsədlə faşist Almaniyası 6 milyona yaxın canlı qüvvə olmaqla 190 diviziya, 4300 tank, 47 min top və minaatan, 4980 döyüş təyyarəsi və 192 döyüş gəmisindən ibarət qüvvə ilə SSRİ-nin ilhaqı üçün hücuma keçdilər. Faşistlər elə hesab edirdilər ki, böyük əraziyə və çoxmillətli dövlətə malik sovetlər hücum etməklə xalqlar mərkəzi hakimiyyətlə əlaqələrini kəsib, müstəqilliyə və suverenliklərinin qorunmasına can atacaqlar. A.Hitler bu barədə demişdir: "Rusiyanın geniş ərazisində yaşayan xalqlara münasibətdə siyasətimiz istənilən formada fikir ayrılığı və parçalanmanı təqdir etməkdir". Lakin nasistlərin uzaqlara hesablanan planları iflasa uğradı. O zaman SSRİ-ni öz dövlətləri hesab edən xalqlar vahid bayraq altında birləşməklə faşizm kimi yırtıcı düşmənə qarşı birgə mübarizə apardılar. Amansız müharibə SSRİ-nin faşizm üzərində qələbəsi ilə başa çatdı. İkinci dünya müharibəsi başa çatdıqdan sonra məlum olmuşdur ki, müharibə zamanı 70 milyondan çox adam həyatını itirib, 200 nəfər insan isə yaralanıb. Ölən insanlardan 30 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və digər dövlətlərin payına düşmüşdü.
Almaniya nüvə silahı əldə etməyə çalışır
İkinci Dünya müharibəsindən sonra Almaniya ordu saxlamaqdan, hərbi texnika istehsal etməkdən və onu dünya bazarına çıxarıb satışını təşkil etməkdən məhrum edilmişdir. Bununla bağlı SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin 1945-ci il Yalta görüşündə razılaşma əldə edilmiş və bununla bağlı sənəd imzalamışlar. Lakin SSRİ-nin süqutundan sonra imzalanan saziş aktuallığını itirdi. Hazırda Almaniya öz hərbi sistemini qurmaqdadır. Daha doğrusu, hərbi gücünə görə Almaniya heç də digər Avropa dövlətlərindən geri qalmır. Müasir hərbi silah sursat istehsal etməklə onu digər dövlətlərə də satışını həyata keçirir. Ən qorxulusu isə Almaniyanın getdikcə daha çox faşist ideologiyasına meyil göstərməsidir. Artıq Almaniyanın bir çox bölgələrində faşist dərnəklərinin yaradılması işi aparılır. Bununla bağlı hökumət 20 milyard avro vəsaitdə ayırıb. Bəzi hallarda Almaniyanın dünyada gedən münaqişələri, müharibələri qızışdırması, onları maliyyə və hərbi silah-sursatla təchiz etməsi də, məhz yeni yaranan nasistlərin sifarişi və dəstəyidir. Almaniya dövləti faşist ideologiyasının məqsəd və vəzifələrinin gənclər arasında daha geniş təbliğ edilməsi məqsədi ilə Adolf Hitlerin qələmə aldığı "Mayn kampf ("Mənim mübarizəm") kitabını yeni formada çap etməklə yayımını həyata keçirir. Bütün bunlar isə təhlükəlidir. Çünki Bonapart Napoleonun hərbi yürüşləri də daxil olmaqla dünyada baş verən müharibələrin, münaqişələrin statistikası təsdiq edir ki, son iki yüz il də bəşəriyyətə ən böyük faciələri, insan qırğınlarını Almaniya yaşadıb. Yəni Almaniya bəşəriyyətə və insanlığa təhlükə yarada biləcək dövlətlərdəndir. Ona görə də insanlıq ehtiyatlı olmalı, Almaniyada faşist ideologiyasının çiçəklənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz birgə tədbirlər görməlidir. Digər tərəfdən nüvə dövlətlərinin tərksilah olunmaları üçün BMT və nüfuzlu beynəlxalq təşkilatlar əməli addımlar atmalı, danışıqlar, bəzi hallarda sövdələşmələrlə onların əlində olan nüvə silahının alınmasına nail olunmalıdır. Kim qarantiya verə bilər ki, bu gün nüvə silahı ilə az qala hər gen dünyanı hədələyən Rusiya günün birində sözdən əmələ keçməyəcək. Və yaxud ABŞ-ı potensial düşməni hesab edən Şimali Koreya lideri Kim Çen İn gecə hansısa gördüyü yuxuya aludə olub D. Trampı cəzalandırmaq və ABŞ-ın varlığına son qoymaq üçün daim özü ilə gəzdirdiyi nüvə düyməsini basmayacaq. İsrail az qala Yaxın Şərqi özünün rəqibi hesab edir. Bu baxımdan ciddi təhlükə hiss etdiyi zaman nüvə silahından istifadə edə bilər. Pakistanla Hindistan hər gün bir-birinə zərbələr endirirlər. Onlar da məsələni birdəfəlik həll etmələri üçün nüvə silahına əl ata bilərlər. Ona görə də, sadə dünya insanları gözlənilən təhlükənin qarşısını almaq üçün əsaslı tədbirlər görməyə tələsməlidir.
İLHAM ƏLİYEV