Bu il yağışların bol olması kənd təsərrüfatına necə təsir edəcək? - EKSPERT DANIŞDI

1 İyun 2026 12:26 (UTC+04:00)

“Davamlı yağışlar kənd təsərrüfatına bir neçə istiqamətdə ciddi zərər verir. Torpaq həddindən artıq nəmləndikdə bitki köklərinin oksigen qəbulu pozulur ki, bu da onların çürüməsinə səbəb olur. Bundan əlavə, gübrələr torpaqdan yuyulub gedir və nəticədə qidalandırma effekti azalır. Davamlı rütubət isə göbələk xəstəliklərinin, xüsusilə mildiu, pas və kök çürümələrinin yayılması üçün əlverişli şərait yaradır”.

Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, çiçəkləmə dövründə olan meyvə ağacları ən həssas bitkilər sırasındadır:

” Yağışlı havalarda arılar və digər tozlandırıcı həşəratlar fəaliyyət göstərə bilmədiyi üçün tozlanma prosesi zəifləyir və məhsul bağlama səviyyəsi aşağı düşür. Alma, armud, gavalı və ərik kimi meyvə ağacları bu baxımdan xüsusi risk altındadır.

Taxıl bitkilərindən buğda və arpa yatmaya, yəni gövdələrin yerə əyilərək yıxılmasına məruz qalır. Bu isə həm məhsul itkisinə, həm də biçin prosesinin çətinləşməsinə səbəb olur. Tərəvəz bitkiləri, xüsusilə pomidor, bibər və xiyar isə kök və gövdə çürümələrindən daha çox zərər görür.

Fermerlərin görə biləcəyi ən vacib tədbirlərdən biri düzgün drenaj sisteminin qurulmasıdır. Sahələrdə suyun tez axıb getməsini təmin edən arxların qazılması torpağın su altında qalmasının qarşısını alır. Çiçəkləmə dövrünün yağışlı keçdiyi hallarda süni tozlandırma üsullarından istifadə etmək və ya arı ailələrini bağlara yaxın yerləşdirmək faydalı ola bilər. Göbələk xəstəliklərinə qarşı profilaktik dərmanlama işləri isə yağışlar arasındakı quru fasilələrdə aparılmalıdır.

Torpağın nəm olduğu dövrlərdə texnika ilə işləmə minimuma endirilməlidir. Çünki nəm torpaq sıxlaşır və bu, sonrakı illərdə məhsuldarlığın azalmasına səbəb ola bilər.

Uzunmüddətli perspektivdə fermerlərin iqlim şəraitinə uyğun, rütubətə və xəstəliklərə davamlı sortların becərilməsinə üstünlük verməsi vacibdir. İstixana və tunel sistemləri kimi örtükaltı becərmə üsullarından istifadə isə hava şəraitindən yaranan riskləri əhəmiyyətli dərəcədə azalda bilər”.