“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib”.
Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkəmizdə uşaqlara dövlət qayğısının ildən ilə artmasına, eyni zamanda, müvafiq kateqoriyalardan olan uşaqların sosial təminatının mütəmadi olaraq gücləndirilməsinə şərait yaradıb:
“ Belə ki, ölkə rəhbəri Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il "Uşaq ili" elan edib.
Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub.
Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ulu öndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib.
Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı olanları da var.
Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə Konvensiyanın iki əlavə protokoluna qoşulub.
1999-cu ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ hüquqi aktlar təkmilləşdirilib.
Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilib.
Hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Hər il Gülüstan sarayında internat və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcburi köçkün uşaqlar üçün bayram şənlikləri keçirir, onları bir araya yığır, uşaqlarla bir süfrə arxasında əyləşir, səmimiliyi ilə onların könlünü alır. Bu unudulmaz görüşlər, Azərbaycanın birinci xanımı ilə çəkilən şəkillər uşaqların ömrünün əziz xatirəsinə dönür.
Ölkəmizdə yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayırıq”.