"Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin istifadəyə verilməsi bölgənin iqtisadi reabilitasiyası və sənaye potensialının dirçəldilməsi baxımından strateji əhəmiyyət kəsb edən bir addımdır. Bu hadisə sadəcə yeni bir istehsal sahəsinin yaradılması deyil, həm də işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyasının növbəti konkret mərhələsidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
_(1)_(1)_(2)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, istehsalın məhz 28 May – Müstəqillik Gününə təsadüf etməsi rəmzi məna daşımaqla yanaşı, Xankəndinin Azərbaycanın iqtisadi və sosial həyatına tam miqyaslı qayıdışının davamlı xarakter daşıdığını nümayiş etdirir: "Qeyri-neft sektorunun inkişafı, xüsusilə də yerli xammal və ya tələbatın daxili istehsal hesabına ödənilməsi dövlətin sənayeləşmə siyasətinin əsas prioritetlərindəndir. İş əlcəkləri kimi gündəlik və sənaye tələbatı yüksək olan məhsulun yerli istehsalı idxaldan asılılığın azaldılması və yerli bazarın dayanıqlılığının artırılması üçün vacib bir töhfədir.
Regional inkişaf nöqteyi-nəzərindən bu müəssisənin Xankəndidə fəaliyyətə başlaması bölgədə məşğulluq imkanlarının genişləndirilməsinə və sosial infrastrukturun gücləndirilməsinə xidmət edir. Yeni iş yerlərinin yaradılması bölgənin iqtisadi müstəqilliyini təmin edir, yerli əhalinin sənaye bacarıqlarının formalaşmasına şərait yaradır və investisiya mühitinin cəlbediciliyini artırır.
Analitik yanaşdıqda, bu kimi müəssisələrin yaradılması digər investorlar üçün də bir siqnal rolunu oynayır. İşğaldan azad edilmiş ərazilərdə kiçik və orta sahibkarlığın stimullaşdırılması, regional iqtisadi klasterlərin formalaşması üçün təməl daşıdır. Xankəndidə istehsal sahələrinin aktivləşməsi şəhərin yalnız idarəetmə və turizm mərkəzi kimi deyil, eyni zamanda istehsalat mərkəzi kimi də dirçəldiyini göstərir.
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin fəaliyyətə başlaması Qarabağın iqtisadi inteqrasiya prosesinin sürət qazandığının göstəricisidir. Bu cür layihələrin davamlı olması və miqyasının genişləndirilməsi regionun özünütəminetmə potensialını yüksəldəcək və uzunmüddətli iqtisadi inkişafa zəmin yaradacaqdır".