IMF: Azərbaycana qeyri-neft ÜDM-in 1,2–1,6 %-i həcmində illik büdcə tənzimləmələri lazımdır

29 May 2026 12:18 (UTC+04:00)

Azərbaycanda ortamüddətli fiskal konsolidasiyanın aparılması nəsillərarası bərabərliyin qorunması və xarici dayanıqlığın möhkəmləndirilməsi baxımından hələ də məqsədəuyğun hesab olunur.

SİA Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına istinadən xəbər verir ki, qeyri-neft sahəsi üzrə ilkin balansın (NOPD) qeyri-neft ümumi daxili məhsulun (ÜDM) 6-6,5 % səviyyəsində kəsirə endirilməsi gələcək nəsillər üçün real annuitetin sabit həcminin saxlanılmasına şərait yaradardı.

"Bu hədəfə təqribən 10 illik müddət ərzində çatmaq üçün 2026-cı ildən etibarən hər il qeyri-neft ÜDM-nin 1,2-1,6 %-i miqdarında fiskal tənzimləmələrin həyata keçirilməsi zəruridir. Konsolidasiyanın bu cür sürəti hökumətin təsdiqlədiyi və 2029-cu ilədək hədəf göstəricinin qeyri-neft ÜDM-nin 13 %-i səviyyəsinə çatdırılmasını nəzərdə tutan sərt fiskal qaydaya uyğundur", - hesabatda vurğulanıb.

Eyni zamanda, IMF mütəxəssisləri bu qiymətləndirmələrin ciddi qeyri-müəyyənliklərə məruz qaldığını bildiriblər.

"Belə konsolidasiya tempinin tətbiqi onu göstərir ki, karbohidrogen qiymətlərinin büdcə proqnozlarında və ortamüddətli vergi-büdcə siyasətində gözləniləndən yuxarı olması sayəsində formalaşan əlavə gəlirlər yığım fonduna yönləndiriləcək. Dövlət borcunun ÜDM-ə nisbətinin mövcud aşağı səviyyəsi ilə yanaşı, nəzərdə tutulan konsolidasiya ümumi suveren stress riskinin azaldılmasına və xarici dayanıqlığın təmin olunmasına töhfə verəcək", - hesabatda bildirilib.