Fransada həddindən artıq isti hava səbəbindən 14 vilayətdə xəbərdarlıq səviyyəsinin narıncıya qaldırıldığı bildirilib. Narıncı xəbərdarlıq elan olunan bölgələrdə gün ərzində havanın temperaturunun 34-37 dərəcə arasında dəyişəcəyi qeyd olunub.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Avropanı təsiri altına alan qeyri-adi isti hava dalğası Fransada xəbərdarlıq səviyyəsinin artırılmasına səbəb olub. Fransanın meteorologiya agentliyi Météo-France ölkənin şimal-qərbində, o cümlədən paytaxt Paris daxil olmaqla 14 vilayətdə temperaturun mövsüm normalarından xeyli yüksək olması ilə bağlı xəbərdarlıq yayıb.
Meteorologiya agentliyi 4 pilləli sistemdə yüksək risk mənasına gələn 3-cü səviyyəyə — Narıncı Xəbərdarlıq mərhələsinə keçildiyini açıqlayıb.
Météo-France tərəfindən yayılan açıqlamada bildirilib ki, narıncı xəbərdarlıq tətbiq olunan bölgələrdə gündüz temperatur 34-37 dərəcə arasında olacaq. Gecə isə temperaturun 22-23 dərəcədən aşağı düşməyəcəyi qeyd edilib. Bu vəziyyətin “tropik gecə” effekti yaradaraq bədənin istilik balansını bərpa etməsini çətinləşdirəcəyi vurğulanıb.
Mütəxəssislər xüsusilə Paris kimi sıx betonlaşmış böyük şəhərlərdə “şəhər istilik adası” effektinin temperaturu bir neçə dərəcə daha yüksək hiss etdirə biləcəyi barədə xəbərdarlıq edirlər.
“MAY AYI ÜÇÜN QEYRİ-ADİ HALDIR”
Meteorologiya rəsmiləri bu erkən isti hava dalğasının may ayının sonu üçün “diqqətçəkən və istisnai” olduğunu bildiriblər. Mərakeşdən gələn isti hava kütləsinin yüksək təzyiq səbəbindən bölgədə sıxışıb qalması nəticəsində yaranan “istilik qübbəsi” (heat dome) ölkə üzrə may ayı temperatur rekordlarının qırılmasına səbəb olub.
Temperaturun mövsüm normalarından 12-13 dərəcə yüksək olması səbəbindən Fransada 2004-cü ildə milli istilik xəbərdarlıq sistemi yaradıldıqdan sonra ilk dəfə may ayında bu miqyasda yüksək temperatur həyəcanı elan edilib.