Rusiya və Taliban hərbi əməkdaşlıq barədə razılığa gəliblər

28 May 2026 12:31 (UTC+04:00)

Rusiya Federasiyası ilə Taliban arasında bağlanan müqavilənin dəqiq təfərrüatları məlum deyil, lakin bu cür müqavilələr adətən tərəflərin silah, hərbi texnologiya ötürəcəyi və birgə inkişaf aparacağı deməkdir.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya və Əfqanıstanda hakimiyyətə nəzarət edən radikal islamçı hərəkat Taliban hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə Əfqanıstanın müdafiə naziri, keçmiş Taliban hərbi komissarı və qrupun qurucusu Molla Ömərin oğlu Məhəmməd Yakub arasında keçirilən görüşdən sonra imzalanan müqavilənin təfərrüatları açıqlanmayıb.

Bu cür müqavilələr adətən silah, lisenziya, hərbi texnologiya və birgə inkişaf mübadiləsini əhatə edir.

Görüş zamanı Yakub yalnız Moskva və Kabilin "ikitərəfli münasibətləri genişləndirdiyini" bildirib. Öz növbəsində Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Qərbi Əfqanıstanın aktivlərinin dondurulmasını ləğv etməyə və ölkənin yenidən qurulmasını maliyyələşdirməyə çağırıb.

Şoyqu özü iki həftə əvvəl Qırğızıstanda keçirilən ŞƏT sammitində Rusiyanın "üçüncü ölkələrin hərbi infrastrukturunun Əfqanıstan ərazisinə qaytarılmasını və ya qonşu dövlətlərdə yeni hərbi obyektlərin yerləşdirilməsini" qəbuledilməz hesab etdiyini bildirmişdi. O, həmçinin ABŞ-ı və müttəfiqlərini "Əfqanıstandakı 20 illik mövcudluğuna görə tam məsuliyyəti qəbul etməyə" çağırmışdı. Onun sözlərinə görə, Rusiya "regional təhlükəsizlik və iqtisadi inkişaf məqsədlərinə çatmaq" üçün Talibanla "praqmatik dialoq" qurub.

Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirərək ABŞ-ın dəstəklədiyi hökuməti devirdi. 2024-cü ildə Rusiya diktatoru Vladimir Putin qrupu "terrorizmə qarşı mübarizədə müttəfiqlər" adlandırdı. 2025-ci ilin yayında Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk dövlət oldu , Talibanı terror təşkilatları siyahısından çıxardı və onların Moskvadakı səfirini qəbul etdi.