Tramp Ermənistan parlament seçkilərində Paşinyanı dəstəkləyib

28 May 2026 12:16 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp 7 iyun 2026-cı il tarixində keçiriləcək parlament seçkilərində Ermənistanın Baş naziri Nikol Paşinyanı dəstəklədiyini açıqladı.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Truth Social-da bəyanat yayımladı. Tramp Paşinyanı Ermənistanı "güclü, çiçəklənən və təhlükəsiz" edən "böyük dost və lider" adlandırdı və Baş nazirin onun "Ermənistan və bütün Cənubi Qafqaz üçün sülh və rifah vizyonunu" bölüşdüyünü bildirdi. Amerika prezidenti həmçinin ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfərindən də bəhs etdi və Vaşinqton və Yerevanın tezliklə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsini həyata keçirməyə başlayacağını bildirdi.

O, layihəyə olan marağını qismən Vaşinqtonun iqtisadi və enerji maraqları səbəbindən etiraf etdi və bunun "böyük Amerika enerji şirkətlərinin Orta Asiyadan ABŞ-a qədər çıxış əldə etməsinə" kömək edəcəyini bildirdi. "

Bu səbəblərə görə Nikol 7 iyun 2026-cı ildə yenidən seçilmək üçün tam və qeyd-şərtsiz dəstəyimi alır", - deyə Tramp yazıb.

O, əlavə etdi ki, Paşinyanla əməkdaşlıq ABŞ, Ermənistan, Cənubi Qafqaz və Orta Asiya arasındakı münasibətləri "görünməmiş səviyyəyə" qaldıracaq. ABŞ prezidenti yekun olaraq bildirib ki, "Gəlin Ermənistanı yenidən böyük edək".

Bundan əvvəl, 5 may tarixində Fransa prezidenti Emmanuel Makron parlament seçkilərindən əvvəl Baş nazir Nikol Paşinyanı açıq şəkildə dəstəkləmiş və onun mövqeyini Ermənistanın daxili işlərinə müdaxilə hesab etmədiyini bildirmişdi.

Bu fonda Human Rights Watch təşkilatının keçmiş icraçı direktoru Kennet Rot ABŞ və Avropa ölkələrinin yanaşmasını tənqid edərək, azad və ədalətli seçki prinsiplərini müdafiə etmək əvəzinə, əslində konkret siyasi nəticəni dəstəklədiklərini iddia etmişdi.

Onun sözlərinə görə, Ermənistan "seçilmiş avtokrat"ın hakimiyyəti altına düşmək riski ilə üzləşir və Qərb ölkələrinin Paşinyana qeyd-şərtsiz dəstəyi demokratiya üçün mənfi nəticələrə səbəb ola bilər".