ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 900-dən çox iştirakçını bir araya gətirib

26 May 2026 19:22 (UTC+04:00)

Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 28 May – Müstəqillik Gününə həsr olunmuş “Zəfər festivalı – 3” layihəsi çərçivəsində idman yarışlarının təltifolunma və təntənəli bağlanış mərasimi keçirilib. ATU və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı baş tutan festivalda əvvəlcə“Təbib” Tədris İdman Mərkəzinin həyətində​ musiqi sədaları altında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar təqdim edilib.

Dövlət Himninin səsləndirilməsindən sonra çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli festival iştirakçılarını salamlayaraq onları Azərbaycan Tibb Universitetində görməkdən məmnun olduğunu, artıq ənənəyə çevrilən “Zəfər festivalı”nın 3-cü dəfə keçirməsinin xüsusi qurur hissi doğurduğunu diqqətə çatdırıb.

Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü və 28 May - Müstəqillik Günü xalqımızın milli yaddaşında mühüm yer tutur və dövlətçilik tariximizin ən şərəfli səhifələrini təşkil edir: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün də ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və gənclərin hərtərəfli formalaşması istiqamətində mühüm nailiyyətlər əldə olunur. Müasir idman infrastrukturunun yaradılması, beynəlxalq yarışların yüksək səviyyədə təşkili və gənclərin idmana marağının artması Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına səbəb olub”.
Rektor “Zəfər festivalı” idman yarışlarının ildən-ilə genişlənməsinin, 3-cü festivala 30-dan artıq ali təhsil müəssisəsindən 900-dən çox iştirakçının qatılmasının gənclərin idmana, sağlam rəqabətə həvəsinin və universitetlərarası əməkdaşlığa artan marağın bariz nümunəsi kimi qiymətləndirib.

G.Gəraybəyli əlavə edib ki, festival çərçivəsində müxtəlif idman növləri üzrə keçirilən yarışlar tələbələrin fiziki hazırlığının artması ilə yanaşı, onların dostluq münasibətlərinin möhkəmlənməsinə, komanda ruhunun formalaşmasına və sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verir: “Müxtəlif ali təhsil müəssisələrinin bir araya gəlməsi gənclər arasında həmrəyliyin və qarşılıqlı ünsiyyətin göstəricisidir. Ən əsası isə, “Zəfər festivalı” adını daşıyan bu yarışlar xalqımızın tarixi qələbəsinin yaratdığı böyük qurur hissini yenidən bizə yaşadır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin nəticəsidir ki, bu gün üçrəngli bayrağımız azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanır”.
Yarış iştirakçılarının həm də Azərbaycanın gələcəyini formalaşdıran gənclər olduğunu vurğulayan rektor qalib gələn bütün tələbələri və onların təmsil etdikləri universitetlərin əməkdaşlarını təbrik edib.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov da tədbirdə çıxış edərək, ilk növbədə idman sahəsində qazanılan uğurlardan söhbət açıb. O, festivalın yüksək səviyyədə təşkilinə görə rektor Gəray Gəraybəyli başda olmaqla, universitet rəhbərliyinə təşəkkürünü bildirib və bütün idmançılara bayrağımızı hər zaman yüksəklərə qaldırmağı arzulayıb. Çıxışlardan sonra ATU-nun “Çinar” rəqs ansamblı və “Şəfa” ansamblınının üzvləri festivalın qaliblərini musiqi nömrələri ilə təbrik ediblər.

“Zəfər festivalı – 3” yarışlarında 30 ali təhsil müəssisəsinin komandaları şahmat, dama, nərd, voleybol, stolüstü tennis, kəndirdartma, oxatma və 3x3 basketbol idman növləri üzrə yarışıb. Medalların ümumi sayına görə Azərbaycan Dillər Universiteti və Bakı Musiqi Akademiyasının komandaları 2 qızıl, 1 gümüş və 1 bürünc medalla III yeri bölüşüb. Azərbaycan Dövlət İqtisad Universitetinin komandası 2 qızıl, 4 gümüş və 4 bürünc medalla II yerdə qərarlaşıb.

Azərbaycan Tibb Universitetinin komandası 8 qızıl medalla üçüncü dəfə 30 ali təhsil müəssisəsi arasında liderliyini qoruyub. Qaliblər kubok, diplom və medallarla təltif edilib. Təltifolunmadan sonra festivalın təşkilatçısı “Təbib” Tədris İdman Mərkəzinin müdiri, əməkdar məşqçi Qələndər Aslanov alqış sədaları altında səhnəyə dəvət olunub. Tədbirin təşkilində göstərdiyi dəstəyə görə bir qrup könüllü gəncə da təşəkkürnamələr verilib.

Mətləb