İsti havalar yaxınlaşdıqca, yediyimiz qidalara digər aylardan daha da ciddi yanaşmağa başlayırıq. Xüsusilə, aclığımızın qarşısını almaq üçün açıq havalarda satılan ayaqüstü qidalar. 1 manatdan başlayan qiymətlərlə satılan dönərləri anında alıb yemək nə qədər rahatdırsa, zəhərlənmə ehtimalı da bir o qədər çoxdur. Bəs dönər alarkən nələrə diqqət etmək lazımdır?
Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, yay aylarında sürətli qidalanma ilə əlaqədar olaraq birbaşa ayaqüstü satılan qidalar, yəni fast-food sinfinə aid məhsullar daha çox istehlak edilməyə başlayır:
“Bununla bağlı qida təhlükəsizliyi nöqteyi-nəzərindən nəzərə alınmalı bir sıra vacib məqamlar var.
Birincisi, sifariş verilmiş məhsulun bir nöqtədən digər nöqtəyə alıcı tərəfindən daşınması tövsiyə olunmur. Çünki insanlar qidaları bəzən açıq şəkildə, avtomobildə və ya əllərində daşıyırlar. Halbuki çatdırılma şirkətləri məhsulları xüsusi termokutularda daşıyırlar. Buna görə də tövsiyə olunur ki, bu məhsullar yerində istehlak edilsin. Sifariş verildikdə isə peşəkar kuryerlər tərəfindən xüsusi termokutularda çatdırılsın.
Qida hazırlandıqdan sonra 2 saat ərzində istehlak olunmalıdır. Ayaqüstü qidalar, sürətli qidalar, salatlar və digər soyuq təqdim olunan məhsullar 0–4 dərəcə temperatur aralığında saxlanmalı və çatdırılmalıdır. Kuryerlər vasitəsilə çatdırıldıqda isə mümkün qədər qısa müddətdə istehlak olunması məqsədəuyğundur.
Bişmiş qidalar, xüsusilə ət və digər heyvan mənşəli məhsullar bakterial çirklənmənin qarşısını almaq üçün minimum 75 dərəcə temperaturda ən azı 2 dəqiqə bişirilməlidir. Bu göstəricilər bəzi balıq və digər məhsullara fərqli şəkildə tətbiq oluna bilər.
Bundan əlavə, qidalar 5–60 dərəcə temperatur aralığında uzun müddət saxlanmamalıdır. Çünki bu temperatur diapazonu mikroorqanizmlərin çoxalması üçün əlverişli hesab olunur. Xüsusilə yüksək temperatur şəraitində qidaların açıq şəkildə saxlanılması təhlükə yaradır.
Hazır qidaları hazırlayan mütəxəssislər — aşpazlar, operatorlar və texnoloqlar mütləq fərdi mühafizə vasitələrindən istifadə etməlidirlər. Bunlara baş örtüyü, əlcək, zərurət yarandıqda maska və emal prosesində qoruyucu vasitələr daxildir. Qida ilə təmasda olan işçilər mütəmadi olaraq gigiyenik təlimlərə və tibbi müayinələrə cəlb olunmalıdırlar.
Gigiyena üzrə məlumatlı işçilər beynəlxalq HACCP prinsipləri, PRP və digər təhlükəsizlik sistemləri haqqında məlumatlı olmalıdırlar. Qidalar açıq şəkildə saxlanmamalı, günəş şüaları ilə birbaşa təmasda olmamalıdır. Xüsusilə plastik qablaşdırmalar günəş şüalarına məruz qaldıqda qablaşdırma materiallarında dəyişikliklər yarana bilər və bu da məhsulun təhlükəsizliyinə təsir göstərə bilər.
Məhsullar daşınma zamanı isti qidalar üçün 60 dərəcədən yuxarı temperaturda saxlanmalı, hazır bişmiş qidalar isə vaxtında istehlak edilməlidir”.