“Bu gün bir çox gənc qız xoşbəxt həyatı şəhərdə axtarırsa, burada sosial medianın böyük rolu var”.
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.
O bildirib ki, sosial mediada daha çox göstərişli həyat tərzi, səyahətlər, geniş çevrə və rahat yaşam təqdim olunur. İnsanlar bəzən həqiqətdə xoşbəxt olmasalar belə, sosial şəbəkələrdə həyatlarını ideal şəkildə göstərməyə çalışırlar. Təbii ki, bunu görən digər insanlar da həmin həyatın arzusuna düşürlər və nəticədə o həyatı yaşamaq istəyi ilə Bakıya üz tuturlar.
Bu məsələdə ailələrin də təsiri az deyil. Bəzi valideynlər “Oxu, kənddə qalmayasan” kimi ifadələr işlədirlər. Halbuki bu, düzgün yanaşma deyil. Valideyn düşünür ki, övladı şəhərdə daha rahat və azad həyat yaşayacaq. Digər tərəfdən, kənddə bəzi ailələr övladlarının seçimlərinə çox müdaxilə edir, onlara həddindən artıq qadağalar qoyur. Nəticədə gənclər azadlıq axtarışına çıxırlar.
Məsələn, mənimlə danışan bəzi abituriyentlər olur. Soruşuram ki, hansı fakültəni və ya universiteti seçmək istəyirsən? Cavab verir ki, “Fərqi yoxdur, təki Bakı olsun.” Yəni həmin gənc hələ nə istədiyini tam müəyyənləşdirməyib, amma əsas məqsədi Bakıya gəlməkdir.
Bəzən kənd yerlərində keçmişdən qalma ənənəvi düşüncələr və sərt qaydalar da gəncləri sıxır. Valideynin çox qadağa qoyduğu mühitdə övlad artıq kənddən yox, sanki öz ailə mühitindən uzaqlaşmağa çalışır. Məncə, valideynlər bu məsələdə daha anlayışlı olmalıdırlar. Maraqlıdır ki, kənddə yaşayan valideynlərin özləri də çox vaxt övladlarının şəhərdə yaşamasını arzulayırlar.
İkinci sualınıza gəldikdə isə, şəhər həyatının prestij simvoluna çevrilməsinin əsas səbəblərindən biri imkanların daha çox olmasıdır. Şəhərdə iş imkanları, təhsil mühiti, insanın özünü təqdim etməsi və cəmiyyətdə istədiyi mövqeyə çatması kəndlə müqayisədə daha real görünür. Kənddə isə bu imkanlar məhdud ola bilir.
“Kəndli–şəhərli” stereotipləri isə tamamilə yanlış düşüncədir. Bəzən insanlar kənddən olanları savadsız və ya geridə qalmış kimi təqdim edirlər. Halbuki bu doğru deyil. Təəssüf ki, cəmiyyətdə kənddən gələn insanlara qarşı müəyyən ayrı-seçkilik hiss olunur və sosial mediada da “kənddən gəlib şəhəri pozdular” kimi fikirlərlə tez-tez qarşılaşırıq.
Mən düşünürəm ki, insanın kənddən şəhərə gəlməsi daha çox azadlıq, rahatlıq və özünü reallaşdırmaq istəyindən irəli gəlir. Bu, bəzən də insanın özünü sübut etmə cəhdidir. Əgər kəndlərdə də geniş imkanlar yaradılsa, düşünürəm ki, bir çox insan Bakıya gəlmək məcburiyyətində qalmaz.
Ümumiyyətlə, “kəndli–şəhərli” ayrı-seçkiliyini bir kənara qoymaq lazımdır. Biz eyni ölkənin insanlarıyıq. Bəzi fərqlər hiss olunsa da, bunları böyütmək yox, anlayışla yanaşmaq daha doğrudur”.
İlhamə Nurəhmədova