“Təəssüflər olsun ki, XXI əsrin əsas problemlərindən biri də gənclərin evlənmək istəməməsi, evlilik yaşının gecikməsi və rəsmi nikaha hazır olmamaları ilə bağlı yaranan sosial məsələlərdir. Azərbaycanda da son illər gənclərin ailə qurmaqdan və ailə məsuliyyətini üzərinə götürməkdən çəkinməsi cəmiyyətdə 30-40 yaşlı subayların, eləcə də qısa müddətdə evlənib boşanan şəxslərin sayının artmasına səbəb olur”.
Bu fikirləri SİA-ya açıqlamasında sosioloq Aydınxan Əbilov bildirib.
O qeyd edib ki, bunun bir neçə səbəbi var. Əsas səbəblər iqtisadi, sosial, tibbi, psixoloji və mənəvi amillərlə bağlıdır.
İqtisadi tərəfi aydındır. Dünyada işsizlik artır və ailə qurmaq, toy etmək, uşaq böyütmək bir çox gəncə maddi baxımdan çətin görünür. Gənclər düşünür ki, ailə saxlamaq artıq əvvəlki dövrlərlə müqayisədə daha böyük maliyyə yükü tələb edir.
Tibbi baxımdan isə düzgün qidalanmamaq, piylənmə, fast-food məhsullarından geniş istifadə və təbii doğuşların azalaraq əməliyyatla doğuşların artması müəyyən problemlərə gətirib çıxarır. Eyni zamanda cinslər arasında balansın pozulması da müşahidə olunur. Əvvəllər kişi və qadın rolları daha dəqiq müəyyən edilirdisə, indi bu sərhədlər müəyyən mənada dəyişib. Sosial şəbəkələr və müxtəlif trendlər də insanların həyat tərzinə ciddi təsir göstərir.
Bu məsələ həm də sosial və mənəvi tərəflərlə bağlıdır. Əvvəllər qohumluq, qonşuluq və icma münasibətləri insanları bir-birinə yaxınlaşdırır, toyda, ailə qurmaqda və uşağın dünyaya gəlməsində dəstək olurdular. İndi isə kəndlərdən şəhərlərə köç nəticəsində bu münasibətlər zəifləyib. Şəhər həyatında insanlar arasında əvvəlki birlik və yardımlaşma hissi azalıb.
Digər tərəfdən, gənclərin ailə dəyərlərinə baxışı da fərqlənir. Sosial şəbəkələrdə, seriallarda və bəzi kütləvi informasiya vasitələrində ailə həyatı haqqında mənfi obrazların təqdim olunması gənclərə təsirsiz ötüşmür. Son dövrlərdə varlı və dəbdəbəli həyat tərzinin sosial şəbəkələrdə reklam olunması da fərdi həyat tərzini ön plana çıxarır. “Mənim həyatım”, “mənim hüquqlarım”, “mənim azadlığım” kimi düşüncələrin həddindən artıq təbliği bəzi hallarda ailə institutunun zəifləməsinə səbəb olur.
Nəticədə gənclər daha gec evlənirlər. Evlənmək qərarı verdikdə isə artıq 40-50 yaş aralığında olurlar. Bu dövrdə isə bəzi insanlar tibbi baxımdan uşaq sahibi olmaqda çətinlik çəkirlər. Hətta bəzi hallarda tibbi üsullarla belə valideyn olmaq mümkün olmur.
Bu baxımdan gənclərlə bağlı dövlət proqramlarının hazırlanmasına, subay və dul şəxslərin toy, evlilik və ipoteka baxımından daha çox dəstəklənməsinə ehtiyac var. Azərbaycanda artıq gənclər üçün müəyyən imkanlar yaradılıb, ipoteka güzəştləri tətbiq olunur. Lakin görünən odur ki, bu dəstək hələ də kifayət etmir.
Mütəxəssislər hesab edir ki, gec evliliklərin sayı artmaqda davam edərsə, yaxın gələcəkdə bu problem daha da dərinləşəcək və onun həlli daha çətin olacaq”.
Lətifə Abdıyeva