Gənclər niyə ənənəvi işlərdən uzaqlaşıb sosial mediaya üz tuturlar? - PSİXOLOQ DANIŞDI

26 May 2026 14:24 (UTC+04:00)

“Gənclərin daha çox evdən işləməyə, kompüter üzərindən pul qazanmağa və yaxud süni intellektdən, müxtəlif proqramlardan istifadə edərək gəlir əldə etməyə marağı artıb. Əlbəttə ki, burada ikinci məsələ daha çox diqqət çəkir: gənclər məşhurlaşmaq, tanınmaq, youtuber, blogger və s. olmaq üçün çalışırlar”.

Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova qeyd edib.

O bildirib ki, gənclər sosial şəbəkələrdə izlədikləri fenomenlərdən təsirlənir, onlardan nümunə götürürlər:

“Digər səbəb isə qısa müddətdə daha çox pul qazanmaq istəyidir. Gənclər tanınmaq və məşhur olmağın onlara daha sürətli və çox qazanc gətirəcəyini düşünürlər. Bütün bunlar sosial şəbəkələrin təsiri ilə yanaşı, süni intellektdən geniş istifadə nəticəsində müəyyən qədər tənbəlləşmədən də qaynaqlanır.

Əsasən, gənclər arasında bu proses karantin dövründən sonra daha çox artıb. Karantinə qədər hər kəs mütəmadi olaraq öz işi ilə məşğul olurdu. Karantindən sonra isə evdən işləməyə və sosial şəbəkələr vasitəsilə məşhurlaşmağa maraq artdı. Ümumiyyətlə, bu həm insanın xarakteri, həm də sosial şəbəkələrin təsiri ilə bağlıdır.

Bundan başqa, gənclərin ətrafında elə insanlar olur ki, onlar həqiqətən də bu platformalardan istifadə edərək məşhurlaşır və pul qazanırlar və buna görə də gənclər bir-birinə baxaraq örnək götürürlər. Lakin nəzərə almaq lazımdır ki biz hamımız eyni deyilik və seçdiyimiz yol da eyni olmur. Hər kəsi eyni çətinlik gözləmir.

Əgər insan yaradıcıdırsa, bacarıqlıdırsa, səsi və ya aktyorluq qabiliyyəti varsa, bunu peşə və sənət kimi istifadə edə bilər. Qeyd etmək istərdim ki, blogger olaraq sosial media üzərindən məşhurlaşmaq kimi peşələrin zamanla geridə qalacağını düşünürəm. Bir müddətdən sonra insanlar da həmin peşələrin o qədər də vacib olmadığının fərqinə varacaqlar”.

Lətifə Abdıyeva