İstiqlaldan Qələbəyə Gedən Yol - MƏQALƏ

26 May 2026 13:48 (UTC+04:00)

1918-ci il mayın 28-də Azərbaycan xalqı öz taleyini özü müəyyən edərək Şərqdə ilk demokratik parlament respublikasını – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə silinməz iz qoydu. İlk dəfə olaraq xalqımız müstəqil dövlət quruculuğu təcrübəsi qazandı, milli bayrağımız, himnimiz və dövlət atributlarımız formalaşdırıldı. Qadınlara seçki hüququnun verilməsi, demokratik idarəetmə prinsiplərinin tətbiqi və milli ordunun yaradılması həmin dövrün ən mühüm nailiyyətlərindən idi. Bu, xalqımızın azadlıq ruhunun, milli iradəsinin və dövlətçilik ənənələrinin parlaq təcəssümü idi.​​​​​​​​​​​​​Lakin məlum tarixi şərait nəticəsində 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırıldı və ölkəmiz uzun illər sovet imperiyasının tərkibində yaşamağa məcbur oldu. Buna baxmayaraq, xalqımızın müstəqillik arzusu heç vaxt sönmədi, milli azadlıq düşüncəsi daim yaşadı və gələcək nəsillərə ötürüldü.​Ümummilli Lider Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Azərbaycanın dövlət müstəqilliyinə aparan yolda mühüm və taleyüklü addımlar atmışdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1990-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Bu addım xalqımızın milli dövlətçilik ənənələrinə bağlılığının və müstəqillik arzularının açıq ifadəsi idi.​​​​​​​​​1990-cı illərin əvvəllərində müstəqilliyini yenidən bərpa edən Azərbaycan son dərəcə mürəkkəb və ağır sınaqlarla üz-üzə qalmışdı. Dövlət idarəçiliyindəki pərakəndəlik, siyasi qarşıdurmalar, iqtisadi tənəzzül, silahlı qruplaşmaların fəaliyyəti və ölkədə hökm sürən xaos Azərbaycanı uçurumun kənarına gətirib çıxarmışdı. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal olunur, minlərlə soydaşımız öz doğma yurdlarından didərgin salınırdı. Həmin dövrdə xalqın gələcəyə olan ümidi sarsılmış, ölkənin taleyi ciddi təhlükə altında qalmışdı. ​​​​​​Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdaraq dövlətçiliyimizin məhv olmaq təhlükəsinin qarşısını aldı. Bu qayıdış təkcə siyasi hakimiyyət dəyişikliyi deyildi. Bu, Azərbaycan dövlətinin yenidən ayağa qalxması, xalqın öz gələcəyinə olan inamının bərpası və milli dirçəlişin başlanğıcı idi.​​​​Ulu Öndər çox qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitliyi təmin etdi. Vətəndaş qarşıdurmasının qarşısı alındı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət institutları formalaşdırıldı və idarəetmədə vahid sistem yaradıldı. Azərbaycan xalqı ilk dəfə olaraq sabitlik, təhlükəsizlik və inkişaf yoluna qədəm qoydu. Məhz həmin dövrdən etibarən ölkəmizin gələcək inkişafının strateji əsasları müəyyənləşdirildi.​​​​Heydər Əliyev uzaqgörən siyasəti ilə Azərbaycanın milli maraqlara əsaslanan daxili və xarici siyasət kursunu formalaşdırdı. Ulu Öndər çox yaxşı anlayırdı ki, güclü dövlətin əsas dayaqları iqtisadi inkişaf, siyasi sabitlik və milli birlikdir. Məhz buna görə də iqtisadiyyatın dirçəldilməsi, xarici investisiyaların cəlb olunması və Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı.

Bu gün qürur hissi ilə qeyd edirik ki, Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkəmiz tarixinin ən qüdrətli mərhələsini yaşayır. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan təkcə regionun deyil, bütövlükdə beynəlxalq aləmin diqqət mərkəzində olan güclü dövlətə çevrilmişdir. Son illərdə ölkəmizin iqtisadi qüdrəti daha da artmış, siyasi sabitlik möhkəmlənmiş, sosial rifah yüksəlmiş və Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə güclənmişdir.​​​​​​​​​​Prezident İlham Əliyev fəaliyyətində hər zaman milli maraqları əsas tutmuş, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və xalqın rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atmışdır. ​​​​​​​​​​​​2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. ​​​​​​​​Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın gücünü və dövlətimizin imkanlarını bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda misilsiz layihələr həyata keçirilir. ​​​​​​​​​Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni uğurlara imza atacaq, dövlətimizin qüdrəti daha da artacaq və xalqımızın rifahı daha da yüksələcəkdir.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov.