"Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma siyasətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi ölkənin yalnız iqtisadi və texniki imkanlarının deyil, eyni zamanda siyasi iradəsinin və strateji idarəetmə modelinin göstəricisi kimi çıxış edir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
_(1)_(1)_(2)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində müasir infrastrukturun qurulması, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi, nəqliyyat-kommunikasiya xətlərinin yenilənməsi və keçmiş məcburi köçkünlərin geri dönüşü istiqamətində görülən işlər Azərbaycanın postmünaqişə idarəçiliyində yeni model formalaşdırdığını nümayiş etdirir: "Bu təcrübənin beynəlxalq platformalarda nümunə kimi təqdim olunması Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirir. Çünki müasir dünyada dövlətlərin gücü artıq yalnız hərbi və iqtisadi resurslarla deyil, humanitar yanaşma və böhran sonrası idarəçilik bacarığı ilə də ölçülür. Azərbaycan məhz bu mərhələdə dağıntıları inkişaf zonasına çevirməyi bacaran dövlət obrazı formalaşdırır. Bu isə ölkənin diplomatik mövqeyini möhkəmləndirir və beynəlxalq tərəfdaşlar üçün etibarlı aktor kimi qəbulunu artırır.
Digər mühüm məqam isə Azərbaycanın yumşaq güc imkanlarının genişlənməsidir. Postmünaqişə reabilitasiyası sahəsində əldə olunan nəticələr ölkənin beynəlxalq təşkilatlar, inkişaf institutları və humanitar platformalarla əməkdaşlığını daha da dərinləşdirir. Eyni zamanda bu proses Azərbaycanın regional liderlik mövqeyini gücləndirərək Cənubi Qafqazda sabitlik və inkişaf gündəmini formalaşdıran əsas aktora çevrilməsinə xidmət edir.
Nəticə etibarilə, Azərbaycanın həyata keçirdiyi yenidənqurma siyasəti təkcə milli bərpa layihəsi deyil, həm də beynəlxalq miqyasda siyasi nüfuz, humanitar legitimlik və strateji diplomatik təsir yaradan mühüm dövlətçilik konsepsiyası kimi qiymətləndirilə bilər".