Skuter son illərdə həm rahat, həm də sürətli nəqliyyat vasitəsi kimi geniş istifadə olunur. Lakin bir çox insan onun onurğa sağlamlığına göstərə biləcəyi təsirləri nəzərə almır.Skuter sürərkən yoldakı çuxurlar, çatlar, bordürlər və digər nahamarlıqlar nəticəsində yaranan vibrasiya və zərbələr birbaşa bədənə, xüsusilə də onurğaya ötürülür.

Bu sözləri SİA-ya açıqlamasında uzman fizioterapevt Əziz Dərvişov deyib.
O bildirib ki, avtomobildən fərqli olaraq skuterlərdə amortizasiya sistemi məhdud olduğu üçün bu təsirlər daha çox hiss olunur:
“İlk baxışda əhəmiyyətsiz görünən bu təkrarlanan mikrotravmalar zamanla bel, boyun və kürək nahiyəsində ağrıların yaranmasına və ya mövcud problemlərin kəskinləşməsinə səbəb ola bilər.Xüsusilə bel yırtığı, protruziya, fəqərəarası disk degenerasiyası və ya xroniki bel-boyun ağrıları olan şəxslər üçün uzun müddət skuter istifadəsi əlavə risk yarada bilər. Davamlı vibrasiya fəqərəarası disklərə düşən təzyiqi artırır, əzələlərdə gərginlik yaradır və bədənin normal biomekanikasını poza bilir.
Bundan əlavə, skuter sürərkən bir çox insan fərqində olmadan düzgün olmayan duruş sərgiləyir. Bədənin önə əyilməsi, çiyinlərin gərilməsi və uzun müddət eyni vəziyyətdə qalmaq onurğanı dəstəkləyən əzələlərin yorulmasına səbəb olur. Nəticədə boyun, kürək və bel nahiyəsində gərginlik və ağrılar meydana gələ bilər.
Bu o demək deyil ki, skuter istifadəsi tamamilə zərərlidir. Lakin hər bir fiziki fəaliyyət kimi onun da düzgün qaydalarla istifadəsi vacibdir. Uzun məsafələrdə fasilələr vermək, düzgün duruşu qorumaq, sürəti yol şəraitinə uyğun seçmək və onurğanı dəstəkləyən əzələləri gücləndirən müntəzəm məşqlər etmək riskləri əhəmiyyətli dərəcədə azalda bilər.
Unutmayaq ki, onurğa bədənimizin əsas dayaq sistemidir. Onun sağlamlığına bu gün göstərdiyimiz diqqət gələcəkdə ağrısız və aktiv həyatın ən vacib təminatlarından biridir”.
Ayşən Vəli