“Qurban bayramı ərəfəsində heyvan bazarında qiymət artımının əsas səbəblərindən biri tələbatın qısa müddətdə kəskin şəkildə yüksəlməsidir. Bayram yaxınlaşdıqca insanlar daha çox qurbanlıq heyvan almağa çalışır və bu da bazarda qiymətlərin artmasına səbəb olur. Bəzi satıcılar isə yaranan yüksək tələbatdan istifadə edərək qiymətləri süni şəkildə qaldırırlar. Xüsusilə iri şəhərlərdə bazara çıxarılan heyvan sayının məhdud olması qiymətlərin daha sürətli bahalaşmasına gətirib çıxarır”.
Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, qiymət artımına təsir edən digər mühüm amillərdən biri yem və saxlanma xərclərinin yüksəlməsidir:
” Son illərdə yem məhsullarının bahalaşması heyvandarlığın maya dəyərini artırıb. Bununla yanaşı, nəqliyyat xərcləri, yanacaq qiymətlərinin yüksəlməsi və vasitəçilərin çoxluğu da son satış qiymətinə ciddi təsir göstərir. Bəzi hallarda isə əvvəlcədən heyvanların bazardan yığılması və süni qıtlıq yaradılması kimi hallar müşahidə olunur ki, bu da bazarda əlavə bahalaşmaya səbəb olur.
Mütəxəssislər hesab edirlər ki, qiymət artımının qarşısını almaq üçün ilk növbədə bazarda nəzarət gücləndirilməlidir. Dövlət qurumları tərəfindən qiymət manipulyasiyası və süni bahalaşma halları ilə bağlı monitorinqlərin artırılması vacibdir. Eyni zamanda fermerlərin heyvanları birbaşa satış məntəqələrinə çıxarması üçün şərait yaradılarsa, vasitəçilərin təsiri azalacaq və qiymətlər daha stabil olacaq.
Bunun uzunmüddətli həlli isə bazarda rəqabət və bolluq yaratmaqdan keçir. Regionlardan şəhərlərə heyvan daşınması və satış prosesinin sadələşdirilməsi, elektron satış platformalarının və rəsmi qurbanlıq yarmarkalarının genişləndirilməsi qiymətlərin daha şəffaf formalaşmasına kömək edə bilər. Uzunmüddətli perspektivdə isə yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və istehsal xərclərinin azaldılması bazarda qiymət sabitliyinin qorunmasına müsbət təsir göstərə bilər”.