“Azərbaycanda lombardlarla bağlı yeni qanun layihəsinin hazırlanması və qəbul edilməsi gözlənilir. Nəzərə alsaq ki, lombard fəaliyyətinin tənzimlənməsi və burada istehlakçı hüquqlarının qorunması ilə bağlı yeni maddələrin qanunvericiliyə daxil edilməsi aktual məsələlərdəndir, bu istiqamətdə addımların atılması vacib hesab olunur. Söhbət, təbii ki, sərt nəzarətdən getmir. Eyni zamanda qanunvericilikdə, xüsusilə də istehlakçı hüquqlarının qorunması istiqamətində fəaliyyətlərin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov qeyd edib.
O, bildirib ki, lombardlara marağın artmasının əsas səbəblərindən biri, burada faizlərin yüksək olmasına baxmayaraq, kredit alınarkən rəsmi iş yeri ilə bağlı arayışın tələb edilməməsidir: “Lombardlar qızıl və ya digər girovlar qarşılığında kredit təklif edirlər. Banklarda isə rəsmi iş yeri ilə bağlı arayış tələb olunduğundan, rəsmi işi olmayan vətəndaşlar bank xidmətlərindən yararlana bilmirlər. Bu səbəbdən lombard kreditlərinə maraq artır.
Lakin lombardların təqdim etdiyi kreditlər əksər hallarda yüksək faizlərlə müşayiət olunur. Bəzi hallarda vətəndaşlar kredit götürdükdən sonra müəyyən müddət ödəniş etsələr də, sonradan ödəniş qabiliyyətlərini itirirlər. Bu baxımdan, fəaliyyətin daha effektiv tənzimlənməsinə və xüsusilə istehlakçı hüquqlarının qorunması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac duyulur.
Güman edilir ki, “Lombardlar haqqında” yeni qanunun qəbulu bu sahədə yeni tənzimləmələrin tətbiqinə, eyni zamanda istehlakçı hüquqlarının daha etibarlı şəkildə qorunmasına səbəb olacaq.
Lətifə Abdıyeva