Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda uğurla təşkil edilməsi ölkəmizin qlobal miqyaslı mötəbər tədbirlərə ev sahibliyi etmək potensialını və bu sahədəki zəngin təcrübəsini növbəti dəfə nümayiş etdirdi.
SİA xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Perspektiv Siyasətin Texnologiyaları” İctimai Birliyinin İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov söyləyib
O bildirib ki, bu platforma şəhərsalma kontekstindən əlavə, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və qlobal siyasi arenada strateji mövqelərinin güclənməsinə mühüm töhfə verdi. Sessiyanın gündəliyində iqlim dəyişikliklərinə qarşı qlobal mübarizə, ekoloji davamlılıq, yaşıl enerjiyə keçid strategiyaları, dayanıqlı şəhərsalma modelləri, həmçinin postmünaqişə dövründə bərpa və yenidənqurma prosesləri kimi prioritet istiqamətlər əsas müzakirə mövzusu oldu. Xüsusilə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində qısa müddətdə reallaşdırılan kompleks infrastruktur layihələri — müasir hava limanları, xəstəxanalar, təhsil müəssisələri, smart-yaşayış kompleksləri və tətbiq olunan “yaşıl enerji zonası” konsepsiyası beynəlxalq ictimaiyyətə uğurlu presedent kimi təqdim edildi.
“Bununla yanaşı, Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması istiqamətindəki təşəbbüsləri və humanist fəaliyyəti ölkəmizin qlobal miqyasda konstruktiv rolunu yenidən təsdiqlədi. Sözügedən çoxvektorlu nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi və məqsədyönlü strateji kursunun məntiqi nəticəsidir. Bu uğurlar Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş, həmçinin unikal və mütərəqqi inkişaf modeli kimi qəbul edilməsini şərtləndirir. Yekun olaraq, bu mötəbər forumun Azərbaycanda keçirilməsi ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətini, qlobal çağırışlara çevik reaksiyasını və dayanıqlı inkişaf sahəsindəki liderlik ambisiyalarını bir daha qətiyyətlə nümayiş etdirdi”, – deyə R.Qonaqov vurğulayıb.