Son aylarda Azərbaycanda kirayə mənzil bazarında qiymət artımı diqqət çəkəcək dərəcədə sürətlənib. Rəsmi rəqəmlər də göstərir ki, kirayə qiymətləri ümumi inflyasiyanı geridə qoyaraq daha yüksək templə yüksəlir. Bu isə həm kirayə axtaran vətəndaşların, həm də bazarı izləyən mütəxəssislərin narahatlığını artırır. Səbəblər isə təkcə tələb artımı ilə yox, bazardakı struktur dəyişikliklərlə də izah olunur. Bəs bu artımın arxasında dayanan əsas faktorlar hansılardır? Qiymətlərinin artmasını daha çox nə müəyyən edir tələb, yoxsa təklif? Ucuz mənzillərin azalması bazara necə təsir göstərir? Yeni tikililərdə kirayə niyə daha bahadır? Bu artım yaxın aylarda da davam edə bilərmi?
Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda da, dünyanın bir çox ölkələrində olduğu kimi, əmlak bazarı özünü tənzimləyən bazardır:
“Yəni bu bazara kənardan müdaxilə etmək mümkün deyil. Çünki burada bazar tələb və təklif əsasında qurulub. Məsələn, hər hansı əmlaka, istər satış, istərsə də kirayə bazarında tələb çox olarsa, qiymətlər artır. Əgər tələb azalarsa və təklif çox olarsa, qiymətlər aşağı düşür. Bu, bütün dünyada qəbul olunmuş qaydadır və Azərbaycanda da eyni şəkildə tətbiq olunur.
Bu baxımdan kirayə mənzillərin qiymətlərinin 2019-cu ildən etibarən hər il müəyyən faizlə artmasının əsas səbəblərindən biri tələbin təklifi üstələməsidir. Yəni kirayə mənzil axtaranların sayı kirayə verənlərin sayından daha çoxdur və buna görə də qiymətlərdə artım müşahidə edilir.
Səbəblərə gəldikdə isə, məlum olduğu kimi, 2018-ci ildən etibarən pilot layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binalar və həyət evləri sökülərək onların yerində müasir tələblərə cavab verən yeni binalar tikilir.
Bu zaman söküləcək bina və ya evlərin sakinləri təxminən 2–2,5 il müddətinə kirayə mənzillərlə təmin olunur. Sonradan həmin şəxslərin köhnə evləri sökülür və onların yerində yeni yaşayış binaları inşa edilir.
Bakının müxtəlif istiqamətlərində bu layihələr həyata keçirilir və insanlar kirayə mənzillərə köçürülür. Bu da kirayə bazarında tələbatı artırır. Çünki həmin sakinlər uzun müddət kirayədə qalırlar və istifadə etdikləri mənzillər yenidən bazara qayıtmır.
Əvvəllər kirayə mənzillər əsasən qısamüddətli götürülürdüsə, indi söküntü layihələrindən köçürülən sakinlər səbəbindən mənzillər daha uzun müddət tutulur. Bir mənzil təxminən 2–2,5 il müddətində bazardan çıxmış vəziyyətdə qalır və bu da mənzil çatışmazlığı yaradır.
Digər səbəb isə odur ki, sökülən binalarda əvvəllər kirayəyə verilən mənzillər də olurdu. Həmin binalar söküldükdən sonra bu mənzillər də kirayə bazarından çıxmış olur. Nəticədə təklif azalır, tələb isə artır.
Bu amillərə görə kirayə bazarında tələbat hər il artır və nəticədə qiymətlər yüksəlir. Əgər əvvəllər insanlar 5–10 mənzilə baxıb seçim edə bilirdilərsə, indi belə imkan çox azdır. Çünki bazara çıxarılan mənzillərin sayı az olduğundan insanlar uyğun mənzil tapdıqda vaxt itirmədən onu götürməyə çalışırlar.
Onlar bilirlər ki, bu gün həmin mənzili götürməsələr, başqa biri götürəcək və yenidən uzun müddət axtarış aparmalı olacaqlar. Buna görə də çox vaxt qiymətlə bağlı müzakirə etmədən mənzili qəbul etməyə məcbur qalırlar.
Yeni tikili binalara tələb köhnə binalara nisbətən daha yüksəkdir. Yeni tikililərdə kirayə qiymətləri də daha yüksək olur. Bu da bazardakı ümumi qiymət artımına təsir göstərir.
Digər səbəblərdən biri də əvvəlki illərlə müqayisədə bazara daha az sayda kirayə mənzilin çıxarılmasıdır. Tələb çox olduğu üçün bəzi əmlak sahibləri bundan istifadə edərək mənzilləri real dəyərindən daha yüksək qiymətə təklif edirlər.
Təəssüf ki, insanlar məcbur qalaraq həmin mənzilləri kirayəyə götürürlər və nəticədə qiymətlər artmağa davam edir.
Bu vəziyyətin qarşısını almaq üçün ya kirayə mənzil axtaranların sayı azalmalı, ya da həddindən artıq yüksək qiymətlə təklif olunan mənzillərə tələbat aşağı düşməlidir. Lakin bunu süni şəkildə yaratmaq çox çətindir. Çünki tələb yüksək olduğundan insanlar qiymətlər baha olsa belə, məcburiyyət qarşısında həmin mənzilləri kirayəyə götürürlər”.