“28 May Azərbaycan xalqının tarixində xüsusi yer tutur. 100 illik fasilədən sonra Azərbaycan xalqı özünün müstəqil dövlətini qura bildi. XIX əsrin əvvəllərində vahid Azərbaycanın ayrı-ayrı xanlıqlara bölünməsi, eyni zamanda üç böyük imperiyanın Azərbaycan torpaqlarına iddiası müstəqilliyimizin itirilməsinə səbəb oldu”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, müstəqillik əhval-ruhiyyəsi Azərbaycan cəmiyyətində həmişə güclü olub:
“Ayrı-ayrı Azərbaycan ziyalıları tarixə şərəfli səhifələr yazıblar və cəmiyyətimizi müstəqilliyə aparan yolda irəliləyişə töhfə veriblər. 28 may 1918-ci ildə artıq münasib tarixi şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi tarixi hadisə idi.
Azərbaycan xalqı müstəqilliyə layiq olduğunu göstərdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, bu gün istənilən dövlətin fəxr edə biləcəyi dövlətçilik salnaməsini yazdı. Demokratik parlamentin yaradılması, söz və mətbuat azadlığı, bütün xalqların dillərinə, mədəniyyətlərinə və dinlərinə hörmətlə yanaşılması, beynəlxalq aləmdə aktiv fəaliyyət, ordu quruculuğu, ərazi bütövlüyünün daima gündəmdə olması həmin 23 aylıq fəxarətli tariximizin şanlı səhifələridir.
Çox təəssüf ki, o dövrdə xalqımız müstəqilliyə hazır olsa da, dünya hələ bizim müstəqilliyimizi qəbul edə bilmirdi və hələ də gücünü itirməmiş Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdi. Uzun müddət bu ərazini özünün göndərdiyi emissarlar vasitəsilə idarə etdi.
Ancaq 23 aylıq şanlı tariximiz qəlblərdə və düşüncələrdə yaşayırdı. Ulu Öndər Heydər Əliyevin ötən əsrin 60–80-ci illərində xalqımızın adını yüksəltmək üçün atdığı addımlar 1991-ci ildə dövlət müstəqilliyimizin bərpa edilməsinə gətirib çıxardı.
İki illik zaman itirməyimizə baxmayaraq, 1993-cü ildən müstəqilliyimiz artıq reallığa çevrildi. Hüquqi demokratik dövlət quruldu, azad sahibkarlığa şərait yaradıldı, beynəlxalq aləmdə aktiv siyasət həyata keçirildi və bu gün Azərbaycan real şəkildə öz müstəqilliyini bütün sahələrdə təsdiq edir. Bizim güclənən iqtisadiyyatımız, inkişaf edən sahibkarlığımız, güclü ordumuz və güclü diplomatiyamız var.
Bu gün hər bir vətəndaşımız dövlət müstəqilliyi ilə fəxr edir və onun daha da güclənməsinə öz töhfəsini verir. Cənab Prezidentimizin Azərbaycan müstəqilliyinin qorunması üçün atdığı addımlar həmişə cəmiyyət tərəfindən dəstəklənir. Bu günlərdə 13-cü Dünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi onu göstərdi ki, Azərbaycan öz müstəqilliyini qorumağı və onu daim yüksəklərdə saxlamağı bacarır”.