Azərbaycanın şəhərsalma siyasətində müasir urbanizasiya prinsipləri ön plana çıxır

25 May 2026 15:56 (UTC+04:00)

Azərbaycanın şəhərsalma strukturunda Bakı şəhəri dominant mövqeyə malik olmaqla ölkənin əsas iqtisadi, siyasi və demoqrafik mərkəzi sayılır. Bakı şəhərinin inkişafı Azərbaycanın urbanizasiya modelinin əsas xüsusiyyətlərini əks etdirir. Bakı Xəzər dənizi sahilində yerləşməsi, zəngin neft ehtiyatları və beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində olması səbəbindən XIX əsrdən etibarən sürətlə inkişaf edib. Neft sənayesinin inkişafı şəhərin sənaye və iqtisadi potensialını artırıb, nəticədə Bakı Cənubi Qafqazın ən iri şəhərinə çevrilib. Müasir dövrdə isə Bakı postindustrial və xidmət yönümlü şəhər modelinə keçid mərhələsindədir.

Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın şəhərsalma siyasətində son illərdə müasir urbanizasiya prinsipləri daha geniş tətbiq olunur. Xüsusilə nəqliyyat infrastrukturu, şəhər rekonstruksiyası, yaşıllıq zonalarının genişləndirilməsi və “ağıllı şəhər” konsepsiyası prioritet istiqamətlərə çevrilib. Bakı Metropoliteninin genişləndirilməsi, beynəlxalq hava limanlarının yenilənməsi və magistral yol şəbəkəsinin inkişafı şəhərsalma sisteminin modernləşdirilməsinə xidmət edir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yeni şəhərsalma layihələri Azərbaycanın urbanizasiya siyasətində yeni mərhələ hesab olunur. Şuşa, Ağdam və Füzuli şəhərlərində aparılan yenidənqurma işləri müasir və davamlı şəhərsalma prinsiplərinə əsaslanır. Bu layihələrdə “ağıllı şəhər” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi Azərbaycanın dünya urbanizasiya tendensiyalarına inteqrasiya etdiyini göstərir.

Nəriman Paşayev vurğulayıb ki, Azərbaycanın şəhərsalma formasında müəyyən problemlər də mövcuddur. Əhalinin və iqtisadi fəaliyyətin əsasən Bakıda cəmləşməsi regional disbalans yaradır. Bu vəziyyət paytaxtda nəqliyyat sıxlığına, ekoloji problemlərə və urbanizasiya yükünün artmasına səbəb olur. Regionlarda şəhər şəbəkəsinin zəif inkişafı və miqrasiya axınları urbanizasiya siyasətinin əsas problemlərindən biri olaraq qalır. Buna görə də ölkədə çoxmərkəzli regional inkişaf modelinin tətbiqi mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, Azərbaycanın gələcək şəhərsalma inkişafında davamlı urbanizasiya, rəqəmsal texnologiyalar və ekoloji planlaşdırma əsas prioritet istiqamətlərdən biri olacaq. Xüsusilə alternativ enerji, ağıllı nəqliyyat sistemləri və yaşıl memarlıq sahəsində beynəlxalq təcrübənin tətbiqi ölkənin urbanizasiya potensialını gücləndirə bilər. Azərbaycanın geoiqtisadi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərində iştirakı şəhərlərin logistika və xidmət mərkəzləri kimi inkişafını sürətləndirə bilər.

“Dünya şəhərsalma sistemi müasir sivilizasiyanın inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biridir. Şəhərsalma iqtisadi artımın, sosial rifahın və ekoloji təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan isə regional urbanizasiya sistemində mühüm mövqeyə malik olmaqla yanaşı, müasir şəhərsalma tendensiyalarına uyğun inkişaf edən ölkələrdən biri kimi çıxış edir. Ölkədə həyata keçirilən yeni urbanizasiya layihələri və davamlı inkişaf strategiyaları Azərbaycanın qlobal şəhərsalma proseslərində rolunun gələcəkdə daha da artacağını göstərir”, - deyə alim bildirib.