"Paris Cənubi Qafqaz reallıqlarını qəbul edir" - ŞƏRH EDİLDİ

25 May 2026 15:07 (UTC+04:00)

"Azərbaycan Prezidenti İlham Əliyev ilə Fransa Prezidenti Makron arasında baş tutan telefon danışığı son illərdə kifayət qədər gərginləşmiş Azərbaycan–Fransa münasibətlərində yeni siyasi mərhələnin mümkün anonsu kimi qiymətləndirilə bilər. Xüsusilə də danışıq zamanı həm ikitərəfli münasibətlərin, həm regional proseslərin, həm də beynəlxalq gündəmin müzakirə olunması göstərir ki, Makron qarşıdurma ritorikasının fayda vermədiyini tədricən də olsa anlamağa başlayıb və dialoq mərhələsinə keçmək üçün cəhdlər edir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, son illərdə Parisin Ermənistanla yaxın münasibətləri və Fransanın bir sıra hallarda açıq şəkildə İrəvanı dəstəkləyən mövqeyi Bakı ilə münasibətlərdə ciddi etimad böhranı yaratmışdı: " Fransanın vasitəçilik missiyasında balanslı davranmaması, Fransa Senatında qəbul edilən bəzi qətnamələrdəki anti-Azərbaycan yönümlü çağırışlar münasibətləri təbii olaraq gərginləşdiridi. Bu fonda indi liderlər arasında birbaşa təmasların qurulması mühüm siqnaldır. Çünki beynəlxalq münasibətlərdə ən kritik məqamlardan biri siyasi kommunikasiya kanallarının açıq saxlanılmasıdır.

Telefon danışığının əhəmiyyətini artıran əsas amillərdən biri də regionda yeni geosiyasi düzənin formalaşmasıdır. 2020-ci ildən sonra Cənubi Qafqazda yaranmış yeni reallıq artıq Avropa dövlətlərini, o cümlədən Fransanı Azərbaycanla münasibətlərə daha praqmatik yanaşmağa sövq edir. Avropa üçün enerji təhlükəsizliyi məsələsi xüsusilə Ukrayna müharibəsindən sonra strateji xarakter alıb və Azərbaycan burada mühüm tərəfdaşlardan biri kimi önə çıxır. Bu baxımdan Paris anlayır ki, Bakı ilə münasibətləri yalnız Ermənistan prizmasından qurmaq Fransanın regiondakı təsir imkanlarını məhdudlaşdıra bilər.

Digər tərəfdən, Azərbaycan da Fransa ilə münasibətlərin tamamilə konfrontasiya xəttində qalmasını heç vaxt istəməyib. Biz sadəcə olaraq rəsmi Parisin pozuculuq fəaliyyətoinə adekvat addımlar atmışıq. Ümumiyyətlə isə Fransa Avropa İttifaqının aparıcı dövlətlərindən biridir və bu baxımdan Parislə dialoqun saxlanılması ölkə olaraq bizim də marağımızdadır. Bu səbəbdən liderlər səviyyəsində təmaslar münasibətlərin tam qırılmasının qarşısını alan siyasi təhlükəsizlik mexanizmi rolunu oynayır.

Regional diplomatiya baxımından isə bu təmasların ayrıca əhəmiyyəti var. Əgər Fransa bundan sonra daha balanslı mövqe nümayiş etdirməyə çalışarsa, Avropanın Cənubi Qafqaz siyasətində daha konstruktiv rol oynaması mümkündür. Bu isə Azərbaycan–Ermənistan normallaşma prosesinə də müəyyən müsbət təsir göstərə bilər. Ən azı Parisin ritorikasının yumşalması regionda diplomatik gərginliyi azalda bilər.

Bununla belə, bir telefon danışığını münasibətlərdə tam dönüş nöqtəsi kimi qiymətləndirmək də hələ tezdir. Çünki Bakı ilə Paris arasında fikir ayrılıqları struktur xarakter daşıyır və bunlar qısa müddətdə aradan qalxacaq problemlər deyil. Lakin hazırkı təmas həm ikitərəfli münasibətlər, həm də regionun diplomatik gələcəyi baxımından əhəmiyyətli tendensiya hesab oluna bilər".