Krediti kreditlə bağlamaq çıxış yoludur, yoxsa yeni risk? - İQTİSADÇI AÇIQLADI

25 May 2026 13:40 (UTC+04:00)

Bəzi hallarda vətəndaşlar mövcud kredit borcunu başqa bankdan fərqli şərtlərlə götürülən kredit hesabına bağlayırlar. Bunun hər zaman düzgün seçim olub-olmaması ilə bağlı suallar da yaranır. Bəs hansı hallarda bu seçim vətəndaş üçün səmərəli ola bilər? Kredit borcunun başqa bank vasitəsilə bağlanması çıxış yoludur, yoxsa vətəndaş üçün əlavə maliyyə riski yarada bilər?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, mövcud kredit borcunu başqa bankdan götürülən kredit vasitəsilə fərqli şərtlərlə bağlamaq mümkündür:

"Bu məsələ praktikada geniş tətbiq olunur. Mövcud kredit borcunun başqa bankdan götürülən yeni kredit hesabına bağlanmasına adətən refinans, yenidən maliyyələşmə və ya kreditin restrukturizasiyası deyilir. Bu üsul bəzi hallarda vətəndaşın maliyyə yükünü azalda bilir, lakin bir çox hallarda əksinə, borcun daha da böyüməsinə səbəb ola bilər. Buna görə də belə addımlar atarkən təhlil aparılmalı və qərarlar düşünülmüş şəkildə verilməlidir. Emosional qərarlar deyil, hesablanmış maliyyə təhlili əsasında qərar qəbul edilməlidir.

Bir çox hallarda vətəndaşın başqa bankda kredit borcu olur, lakin digər bank daha sərfəli və daha uyğun şərtlərlə kredit məhsulu təklif etdikdə, həmin şəxs yeni krediti götürərək əvvəlki bankdakı borcunu bağlayır və kreditini başqa banka daşıyır. Bu, daha düşünülmüş və ağıllı addım hesab oluna bilər. Məsələn, vətəndaş 24–25 faizlə kredit götürüb, lakin başqa bir bank 12–15 və ya 14–16 faizlə kredit təklif edir. Bu halda yeni kredit götürərək əvvəlki krediti bağlamaq mümkündür. Ətrafımızda belə təcrübədən istifadə edən çox sayda insan var.

Lakin bəzi hallarda vətəndaşın ödəmə qabiliyyəti azalır və aylıq ödənişlər büdcəsinə uyğun gəlmir. Bu zaman kredit müddətinin uzadılması təklif olunur. Bir çox hallarda müddət uzandıqda aylıq ödəniş məbləği azalır, lakin ümumi kredit məbləği artır. Həmçinin fərqli bank və ya kart borclarının bir kreditdə birləşdirilməsi məqsədilə də belə kreditlərdən istifadə etmək mümkündür. Bu da müəyyən hallarda müsbət nəticələr verə bilər. Əlbəttə ki, faiz və ödəniş şərtləri daha rahat olarsa, bu, müştəri üçün daha uyğun seçim hesab edilə bilər. Bu həm də kredit tarixçəsinin müsbət formalaşmasına və vahid ödəniş tarixçəsinin yaranmasına kömək edə bilər. Nəticədə vətəndaş gəlir və xərclərini daha düzgün planlaşdıra bilir. Müsbət tərəflərlə yanaşı, mənfi tərəfləri də nəzərə almaq lazımdır. Bir çox hallarda vətəndaş yalnız aylıq ödənişə diqqət yetirir, halbuki əsas məsələ ümumi geri ödəniləcək məbləğdir. Aylıq ödəniş azalsa da, kredit müddəti 2 ildən 7–8 ilə qədər uzana bilər. Nəticədə vətəndaş daha çox faiz ödəyir və maliyyə baxımından daha çox itki ilə qarşılaşır.

Bundan əlavə, komissiya və gizli xərclər də yarana bilər. Yeni kredit zamanı sığorta haqları, xidmət haqları, komissiyalar, notariat xərcləri və kart xərcləri əlavə oluna bilər. Bəzən aşağı faiz təklifi təqdim olunsa da, əlavə xərclər son nəticədə həmin üstünlüyü aradan qaldırır. Əgər əsas problem gəlirin azalmasıdırsa, yeni kredit köhnə problemi sadəcə ertələyir, həll etmir. Borc yükü davam edir, əlavə faizlər yaranır və gələcəkdə daha ağır maliyyə problemləri meydana çıxa bilər.

Nəticə olaraq, kreditin başqa bank vasitəsilə bağlanması yalnız daha aşağı faiz, daha uyğun ödəniş şərtləri və vətəndaş üçün real maliyyə üstünlüyü yaratdığı hallarda faydalıdır. Əks halda, bu addım sadəcə mövcud problemi təxirə salır. Məsələn, aylıq ödəniş azalsa da, kredit müddəti uzanır və gələcəkdə vətəndaş daha böyük maliyyə yükü ilə qarşılaşa bilər".