“Qurban bayramı İslam dünyasında həm dini, həm də sosial-mənəvi mahiyyət daşıyan mühüm bayramlardan biridir. Bu bayramın əsas ideya bazası insanın Allaha yaxınlaşması, Onun əmrlərinə səmimi itaət göstərməsi və mənəvi kamilliyə doğru irəliləməsidir”.
Bu sözləri SİA -ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, Qurban mərasiminin zahiri icra forması heyvanın kəsilməsi və onun müəyyən qaydalar üzrə bölüşdürülməsindən ibarətdir:
Ənənəyə əsasən, qurban ətinin bir hissəsi ailə üzvləri üçün, bir hissəsi qohum-əqrəba və qonşular üçün, digər hissəsi isə sosial müdafiəyə ehtiyacı olan təbəqələr üçün nəzərdə tutulur. Bu bölgü mexanizmi bayramın sosial ədalət və həmrəylik funksiyasını gücləndirir.
Qurban bayramının tarixi-fəlsəfi kökləri İbrahim peyğəmbərin (ə.s.) Allah tərəfindən sınağa çəkilməsi hadisəsi ilə əlaqələndirilir. İslam mənbələrinə görə, Hz. İbrahim ilahi əmrə tam itaət göstərərək ən dəyərli varlığını belə Allah yolunda fəda etməyə hazır olduğunu nümayiş etdirmişdir. Lakin ilahi iradə insanın qurban edilməsini deyil, itaət və sədaqətin simvolik ifadəsini tələb etmiş, bu sınaq heyvan qurbanı ilə əvəz olunmuşdur.
Bu kontekstdə qurban anlayışı təkcə ritual akt kimi deyil, həm də mənəvi dəyər sistemi kimi çıxış edir. Burada əsas məqsəd insanın nəfsini tərbiyə etməsi, mənəvi saflaşması və sosial məsuliyyət hissini gücləndirməsidir. Qurban vermə aktı eyni zamanda fərdi və kollektiv şüurda mərhəmət, paylaşma və empatiya kimi dəyərlərin formalaşmasına xidmət edir.
Sosial baxımdan Qurban bayramı cəmiyyət daxilində ünsiyyətin möhkəmlənməsinə, sosial fərqlərin yumşaldılmasına və yardım ənənələrinin genişlənməsinə şərait yaradır. İnsanlar bir-birini ziyarət edir, ehtiyac sahiblərinə dəstək olur və ümumi sosial həmrəylik mühiti formalaşdırırlar. Bu isə bayramın yalnız dini deyil, eyni zamanda sosial inteqrasiya funksiyasını da ön plana çıxarır.
Qurban bayramı həm dini ritual, həm də sosial-mədəni institut kimi çıxış edərək insanın mənəvi inkişafına və cəmiyyətin harmoniyasına xidmət edir.