Gənclərin tez-tez peşə və məqsəd dəyişmələri nə ilə bağlıdır? - SOSİOLOQ

25 May 2026 10:37 (UTC+04:00)

"Gənclər hələ həyat təcrübəsi baxımından tam formalaşmamış olurlar. Onların konkret və oturuşmuş məqsədlərinin olmaması əslində normal bir haldır. Çünki insan zaman keçdikcə özünü daha yaxşı tanıyır, xarakterini, qabiliyyətini və həyata baxışını daha dərindən dərk edir".

Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "Gənclərin ilkin peşə seçimi çox vaxt ailənin, xüsusilə ata və ananın arzularından təsirlənir. Uşaq evdə hansı peşə haqqında daha çox eşidirsə, zamanla həmin istiqamətə maraq göstərməyə başlayır. Məsələn, orta məktəbdə uşaqlardan “Kim olmaq istəyirsən?” soruşanda bir qismi polis, bir qismi həkim olmaq istədiyini deyir. Daha qədim dövrlərdə isə, xüsusilə Sovet dönəmində, “Yuri Qaqarin kimi kosmonavt olmaq istəyirəm” deyənlərin sayı az deyildi. Bu da həmin dövrün ideologiyasının və təhsil sisteminin təsirindən irəli gəlirdi.

Yəni gənclərin ilk məqsəd və peşə seçimləri əsasən ailədən, məktəb mühitindən, dost çevrəsindən və cəmiyyətin təsirlərindən formalaşır. Lakin zaman keçdikcə insan özünü daha yaxşı tanımağa başlayır. Universitet illərində bir çox gənc anlayır ki, seçdiyi peşə əslində onun xarakterinə və daxili meylinə uyğun deyil. Məsələn, hüquq sahəsini seçən biri sonradan başa düşə bilir ki, onun xarakteri daha çox psixologiyaya və ya tibb sahəsinə uyğundur. Bu dəyişiklik insanın özünü tanıması və daxili potensialını dərk etməsi ilə bağlıdır.

Digər mühüm səbəb isə əmək bazarı və maddi reallıqlardır. Bəzən gənclər ali təhsil aldıqları sahə üzrə iş tapa bilmirlər. Xüsusilə 20-22 yaşlarından sonra artıq ailəyə dəstək olmaq, maddi məsuliyyət daşımaq və ya öz ailəsini dolandırmaq zərurəti yaranır. Bu səbəbdən insanlar sevdikləri peşədən daha çox gəlir gətirən sahələrə yönəlirlər.

Məsələn, ali təhsil almış bir şəxs öz ixtisası üzrə iş tapa bilmədikdə taksi sürücülüyü, satış, xidmət və ya başqa sahələrdə çalışmağa başlayır. Çünki həyat reallığı insanı bəzən arzularından çox qazanc gətirən peşələrə yönəldir.

Ümumilikdə baxdıqda görürük ki, gənclərin məqsəd və peşə dəyişmələrinin səbəbləri müxtəlifdir: ailə təsiri, sosial mühit, dost çevrəsi, təhsil prosesi, insanın zamanla özünü tanıması və ən əsası isə maddi həyat şərtləri. Yaş artdıqca insan artıq daha realist düşünməyə başlayır və “Mən ailəmə necə faydalı ola bilərəm, necə dolana bilərəm?” sualı ön plana keçir. Bu da bir çox gəncin daha gəlirli və praktik sahələrə yönəlməsinə səbəb olur.”