"WUF13 layihəsində ekoloji dayanıqlılıq əsas prioritetlərdən biridir. Müasir dünyada dayanıqlı inkişafın əsası, ekoloji balansın və innovativ idarəetmənin təməli məhz düzgün planlaşdırılmış şəhərsalma siyasətidir. Bu gün müstəqil Azərbaycan həm beynəlxalq dialoq platformalarının, qlobal idman və mədəniyyət layihələrinin mərkəzi, həm də müasir urbanizasiya tendensiyalarının müəyyənləşdiyi strateji məkana çevrilib".
Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
.jpg)
Onun sözlərinə görə, bu kontekstdə Bakı şəhərinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq təzahürüdür: "Qlobal şəhərsalma proseslərini daim diqqət mərkəzində saxlayan ölkə kimi Azərbaycan bu istiqamətdə təkcə nəzəri konsepsiyalar hazırlamır, həm də innovativ yanaşmalar irəli sürür və onları praktiki müstəvidə uğurla tətbiq edir. Öz miqyasına, əhatə dairəsinə və sürətinə görə qlobal səviyyədə nadir nümunələrdən biri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesi bunun ən parlaq nümunəsidir. Bu mənada, Bakıda keçirilən WUF13 Azərbaycanın formalaşdırdığı konseptual şəhərsalma yanaşmasının, eləcə də işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən unikal praktiki təcrübənin beynəlxalq arenada təqdimatı üçün əvəzolunmaz qlobal platformadır.
WUF13 Azərbaycan üçün yalnız beynəlxalq tədbir deyil, həm də gələcəyin şəhər modelini nümayiş etdirmək imkanı oldu. Bu tədbir ölkəmizin şəhərsalma, memarlıq, urbanizasiya və dayanıqlı inkişaf sahəsində dünyaya öz baxışını təqdim etməsi üçün mühüm platformaya çevrildi. Forum çərçivəsində yalnız binalar, yollar və infrastruktur deyil, şəhərlərin gələcəyi, insanların yaşayış keyfiyyəti, mənzil siyasəti, ekologiya, nəqliyyat, sosial ədalət və texnologiyanın şəhər həyatına təsiri kimi mühüm məsələlər də müzakirə olunur".