Avropa cinsi yolla keçən xəstəlik epidemiyası ilə əhatə olunub...

24 May 2026 20:43 (UTC+04:00)

...Avropa ölkələrində qonoreya və sifilis hallarının kəskin artması qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə "New York Post" qəzeti Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) son məlumatlarına istinadən məlumat yayıb.

Dərc olunmuş hesabata görə, qitədə qonoreya infeksiyası halları son on ildə 303 faiz artaraq 106.331 hadisəyə çatıb. Sifilis vəziyyəti də eyni dərəcədə narahatedici görünür. Qeydiyyata alınan infeksiyaların sayı ikiqat artaraq 45.550-ni keçib.

İspaniya 2024-cü ildə infeksiyaların yayılmasının əsas qaynar nöqtəsi kimi tanınıb. Belə ki, bu ölkədə 37.000-dən çox qonoreya və 11.000-dən çox sifilis hadisəsi qeydə alınıb.

Tibb mütəxəssisləri bu tendensiyanı səhiyyə sistemindəki ciddi problemlər və ictimai davranışdakı dəyişikliklərlə əlaqələndirirlər.

Mütəxəssislər hesab edirlər ki, böhranın əsas səbəbləri diaqnozda "boşluqların genişlənməsi" və qoruyucu vasitələrdən istifadə etməkdən geniş yayılmış imtinadır.

ECDC Bölmə Rəhbəri Bruno Ciancio qeyd etdi ki, “...Bu infeksiyalar xroniki ağrı və sonsuzluq, sifilis halında isə ürək və ya sinir sistemi problemləri kimi ciddi fəsadlara səbəb ola bilər”.

Anadan uşağa ötürülən anadangəlmə sifilis xüsusilə narahatlıq doğurur; onun rastgəlmə tezliyi təxminən ikiqat artmışdır.

Homoseksual “kişilər” risk altında qalsa da, həkimlər doğuş yaşındakı heteroseksual qadınlar arasında təhlükəli bir artım olduğunu qeyd edirlər.

Təhlükə ilə mübarizə aparmaq üçün bəzi ölkələr radikal addımlar atırlar.

Məsələn, Böyük Britaniya ölkədə rekord 85.000 hal qeydə alındıqdan sonra 2025-ci ildə dünyada ilk qonoreya peyvənd proqramını başladıb.

Qonoreyanın tipik simptomlarına ağrı və spesifik ifrazat daxildir, baxmayaraq ki, xəstəlik çox vaxt asemptomatikdir. Sifilis xoralar, səpgilər və daxili orqan zədələnməsi ilə özünü göstərir.

Həkimlər hər kəsə xatırladır ki, bu xəstəliklərin əksəriyyətinin qarşısını kontrasepsiya ilə almaq olar və vaxtında müayinə cəmiyyətdə infeksiyaların gizli ötürülməsinin qarşısını almağın yeganə yolu olaraq qalır. Vəziyyət müasir infeksiya ştammlarının ənənəvi müalicələrə getdikcə daha davamlı olması ilə daha da mürəkkəbləşir.

Əli Babayev