Azərbaycan Moskvada keçirilən “Spring Bazaar” layihəsində təmsil olunub

24 May 2026 11:43 (UTC+04:00)

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi AZAL-ın Moskva nümayəndəliyinin dəstəyi ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Spring Bazaar” xeyriyyə layihəsində iştirak edib.

SİA xəbər verir ki, Moskva Beynəlxalq Qadınlar Klubu - The International Women’s Club of Moscow tərəfindən təşkil edilən tədbir Aleksandr Düma adına Fransız Liseyində keçirilib.

Xeyriyyə yarmarkası çərçivəsində Azərbaycan stendi, burada qonaqlara milli şirniyyatlar və əl işləri nümunələri təqdim olunub.

Azərbaycanı tədbirin mədəni-əyləncə proqramında Ulduz Əsgərova və Rəna İsmayılovanın rəhbərlik etdiyi “Dostluq-Drujba” ictimai birliyinin yaradıcı heyəti təmsil edib. Almaz Zairovanın rəhbərliyi və konsertmeyster Şəms Teymurovanın müşayiəti ilə uşaq xoru Azərbaycan bəstəkarlarının mahnılarını ifa edib.

Xalq rəqsləri üzrə Azərbaycan və Rusiya çempionu Rəna Qafarlı və Dinara Məmmədovanın rəhbərliyi ilə “Zümrüd” xoreoqrafiya qrupu qonaqlara canlı rəqs nömrələri təqdim ediblər.

“Spring Bazaar” xeyriyyə layihəsi hər il diplomatik korpusun, beynəlxalq təşkilatların və mədəni birliklərin nümayəndələrini sosial və humanitar təşəbbüsləri dəstəkləmək məqsədilə bir araya gətirir.