AYNA: WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb

23 May 2026 12:34 (UTC+04:00)

Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində HUB-lar və tədbir məkanı arasında avtobuslarla 10 220 səfər yerinə yetirilib və 179 000-ə yaxın sərnişin daşınıb.

Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərib. Daşımalara başlayandan (12-22 may tarixlərində) ümumilikdə 180 avtobus cəlb olunub.

Qeyd edək ki, sözügedən marşrutların idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7 rejimində izlənilib. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil olmaqla 1 500-ə yaxın əməkdaş cəlb olunub.