Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) altıncı günü başa çatıb.
SİA xəbər verir ki, dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından biri hesab olunan forum çərçivəsində gün ərzində müxtəlif panel müzakirələri, beynəlxalq görüşlər, təqdimatlar və tərəfdaş tədbirləri təşkil olunub.
Forumun son günündə dayanıqlı şəhər inkişafı, təhlükəsiz yaşayış məskənləri, iqlim dəyişiklikləri, urbanizasiya və inklüziv şəhər mühiti ilə bağlı müzakirələr aparılıb. Tədbirlərdə dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, şəhərsalma üzrə ekspertlər, alimlər və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkil olunduğu Bakı Olimpiya Stadionunda (BOS) mayın 22-də Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi bayrağının və Azərbaycanın Dövlət Bayrağının endirilməsi mərasimi keçirilib. Bayraqların endirilməsi mərasimi forumun rəsmi olaraq yekunlaşdığını simvolizə edib.
Sonda Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimi keçirilib. Mərasimdə media nümayəndələri, dövlət və hökumət rəsmiləri, forum iştirakçıları və xarici qonaqlar yer alıblar.
Xatırladaq ki, mayın 17-dən 22-dək keçirilən WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub. Forumda 182 ölkədən on minlərlə iştirakçı qeydiyyatdan keçib.