"Azərbaycan və Gürcüstan əməkdaşlığı yeni mərhələyə keçir" - ŞƏRH EDİLDİ

22 May 2026 16:11 (UTC+04:00)

"Gürcüstanın Baş naziri ilə keçirilən son görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olundu. Bu müzakirələr əsasən Azərbaycan-Gürcüstan münasibətləri, regional əməkdaşlıq, beynəlxalq vəziyyət və gələcək perspektivləri əhatə edirdi".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: " Azərbaycan və Gürcüstan Cənubi Qafqaz regionunda bir-birinə ən yaxın strateji tərəfdaş ölkələr sırasında yer alır və münasibətlər hazırda ən yüksək səviyyədə inkişaf edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli enerji və nəqliyyat layihələrinin böyük hissəsi Gürcüstan ərazisindən keçir. Buraya Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər mühüm layihələr daxildir. Bu layihələr təkcə regionun geosiyasi əhəmiyyətini artırmayıb, eyni zamanda Gürcüstan iqtisadiyyatına da ciddi töhfələr verib.

Azərbaycan ən çətin dövrlərdə belə Gürcüstanın yanında olub və iki ölkə arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan hər zaman Cənubi Qafqazda sülhün, əməkdaşlığın və birgə iqtisadi inkişafın tərəfdarı kimi çıxış edib. Gürcüstan da bu məsələdə Azərbaycanla ortaq mövqe nümayiş etdirir.

Eyni zamanda Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış üçtərəfli əməkdaşlıq formatı xüsusi əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində uğurla davam edir və regionda sabitliyin qorunmasına mühüm töhfə verir.

Bu cür yüksək səviyyəli görüşlər yeni əməkdaşlıq imkanlarının yaranmasına və münasibətlərin daha da inkişafına təkan verir. Görüşün mühüm nəticələrindən biri də iyunun 26-dan Bakı-Tbilisi dəmir yolu xəttinin yenidən fəaliyyətə başlaması ilə bağlı qərarın verilməsi oldu. Bu məsələ xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycanın quru sərhədlərinin bağlı olduğu mövcud şəraitdə dəmir yolu əlaqəsinin bərpası həm vətəndaşların gediş-gəlişini asanlaşdıracaq, həm də iqtisadi və humanitar əlaqələrin genişlənməsinə xidmət edəcək.

Nəzərə almaq lazımdır ki, Gürcüstanda yüz minlərlə azərbaycanlı yaşayır və iki ölkə arasında güclü qohumluq, dostluq və sosial əlaqələr mövcuddur. Bu baxımdan nəqliyyat əlaqələrinin genişlənməsi insanlar üçün mühüm rahatlıq yaradacaq.

Ümumilikdə, Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir və gələcək dövrdə bu əlaqələrin daha da genişlənəcəyi gözlənilir".