World Urban Forum 13 rekord sayda iştirakçı ilə qlobal şəhərsalma və dayanıqlı inkişaf gündəliyinin ən böyük platformalarından birinə çevrilib. Forum çərçivəsində Bakıda dünyanın 176 ölkəsindən ümumilikdə 57 min iştirakçı bir araya gəlib.
SİA xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiaa Rossbax Bakıda WUF13-ün bağlanış mərasimində bildirib.
Tədbirə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, şəhərsalma mütəxəssisləri, investorlar, akademik dairələr və gənclər qatılıb. Bununla yanaşı, 3 mindən çox iştirakçı forumu onlayn formatda izləyərək müzakirələrə qoşulub. Qeyd olunub ki, iştirakçıların bu qədər geniş coğrafiyanı əhatə etməsi urbanizasiya, iqlim dəyişiklikləri, mənzil təminatı və dayanıqlı şəhərlərin qurulması kimi qlobal çağırışlara qarşı beynəlxalq həmrəyliyin göstəricisidir. Forum çərçivəsində verilən mesajlarda şəhərlərin gələcəyinin daha inklüziv, təhlükəsiz və ekoloji baxımdan davamlı inkişaf prinsipləri üzərində qurulmasının vacibliyi xüsusi vurğulanıb.