Gürcüstan: Azərbaycanla imzalanan sazişlər qaz və elektrik enerjisinin idxalını təmin edir

22 May 2026 14:25 (UTC+04:00)

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bildirib ki, enerji sektorunda Azərbaycanla əldə olunan razılaşmalar paketi qaz təchizatı, qazın idxalı və tranziti, eləcə də elektrik enerjisinin idxalı və tranzitini əhatə edir.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, razılaşmaya həmçinin mühüm, lakin fəaliyyəti dayandırılmış Bakı–Supsa neft kəmərinin bərpası da daxildir.

Nazir bu açıqlamanı “Imedi LIVE” proqramında Gürcüstan Baş nazirinin Azərbaycana səfəri zamanı imzalanan strateji müqavilələri qiymətləndirərkən verib.

Nazirin sözlərinə görə, Gürcüstan iqtisadiyyatı böyüyür, iqtisadi fəallıq genişlənir və buna uyğun olaraq qaz istehlakı da hər il artır.

“Təəssüf ki, mövcud reallığı nəzərə alsaq, ölkəmiz tamamilə idxaldan asılıdır. Məsələn, ötən il qaz sektorunda 3,2 milyard kubmetr qaz istehlak olunub. Buna görə də bizi hər zaman üç əsas amil istiqamətləndirir: birincisi, qaz təchizatının təhlükəsizliyi və texniki etibarlılığı; ikincisi, ölkə vətəndaşlarının, əhalinin və biznesin rifahına birbaşa təsir edən kommersiya şərtləri; üçüncüsü isə şaxələndirmə siyasətidir”, — deyə iqtisadiyyat naziri qeyd edib.

Mariam Kvrivişvilinin sözlərinə görə, sosial qaz təchizatı və sosial qaz müqaviləsi məsələsi hər zaman həssas mövzu olub. Bu baxımdan Gürcüstan hökuməti Azərbaycanla danışıqlara başlayıb və bu il müddəti başa çatan 20 illik müqavilə uzadılıb. Yeni müqaviləyə əsasən, ölkəyə sosial qiymətlə fasiləsiz qaz təchizatı təmin olunacaq.

“Bu müqavilələr ölkənin idxal olunan qaz və elektrik enerjisinə olan tələbatını effektiv şəkildə qarşılayır. Digər tərəfdən, müqavilələrin Gürcüstanın tranzit ölkə kimi mövqeyini daha da gücləndirməsi də vacibdir. Çünki qaz və neft kəmərləri, eləcə də elektrik xətləri daxil olmaqla bir sıra strateji infrastruktur obyektləri Gürcüstandan keçir”, — deyə iqtisadiyyat və davamlı inkişaf naziri bildirib.

Lətifə Abdıyeva